Bu həm Azərbaycanın, həm də Çinin düşünülmüş dövlət siyasətidir - DEPUTAT

Çin və Azərbaycan arasında sıx və qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr müxtəlif sahələrdə, o cümlədən ticarət, mədəniyyət, təhsil və infrastruktur sahələrində inkişaf etməkdədir.
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində Azərbaycan ilə Çin arasında qədim tarixə və xeyirxah ənənələrə əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, strateji tərəfdaşlığın yeni müsbət məzmunla zənginləşdiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları və məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Qeyd edək ki, dövlət başçısı Çin Xalq Respublikasının sədri Si Szinpinin dəvəti ilə Çinə səfər edəcək. Səfər 22-24 aprel tarixlərini əhatə edəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu ilk olaraq bildirib ki, Çin-Azərbaycan münasibətləri son dövrlərdə yeni bir mərhələyə qədəm qoymaqdadır:
“Əslində, bu yeni mərhələ bir il öncə Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə və onun müdəaları ilə bağlıdır. Bu, Çin-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi, dərinləşməsi və miqyasının daha da əhatəli olması üçün həm Azərbaycanın, həm də Çinin düşünülmüş dövlət siyasətidir. Çünki nəticə etibarilə Çin-Azərbaycan münasibətləri həm region, həm də dünya üçün yeni imkanlar, inteqrasiyalar və kommunikasiya vədidir. Ona görə də, bu kontekstdə iki ölkənin birgə hərəkət etməsi əslində yeni dünya nizamının keyfiyyətini təyin edəcək bir hadisədir”.
Deputatın sözlərinə görə, aprel ayının 9-da ADA-da keçirilən beynəlxalq forumda Azərbaycan prezidenti Azərbaycanı Qlobal Cənubun bir hissəsi kimi gördüyünü ifadə etməsi təsadüfü deyil: “Əgər bu gün yeni beynəlxalq münasibətlər sistemində Qlobal Cənub yeni bir güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi heç şübhəsiz ki, Çindir. Belə olan halda, Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi hər iki ölkə üçün və bütövlükdə region üçün çox böyük vədlər verir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Çinə səfəri tarixi bir səfər olacaq. Çünki orada bu istiqamətlər üzrə çox mühüm sənədlər imzalanacaq”.
Nəzrin Salmanova
13:49 22.04.2025
Oxunuş sayı: 1164