Azərbaycanın dəstəyi: Suriyada yeni dönəm başlayır - AÇIQLAMA

Bildiyimiz kimi, aprelin 11-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş keçirilib. İlham Əliyev Suriyada baş verən dəyişikliklərdən məmnunluğunu ifadə edərək, Əhməd Əl Şaraanı təbrik edib. Cənab Prezident Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdiyini və ölkənin bərpa prosesində iştirak etməyə hazır olduğunu vurğulayıb. Əhməd Əl Şaraa isə Azərbaycanın dəstəyinə görə təşəkkür edib və gələcəkdə energetika, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini qeyd edib. O, Suriyada sabitliyin bərpası üçün çalışdığını, lakin xarici amillərin təsirindən narahat olduğunu bildirib. Görüşdə Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı müzakirə olunub və rəsmi nümayəndə heyətləri ilə biznes dairələrinin qarşılıqlı səfərləri barədə razılıq əldə edilib. Həmçinin, SOCAR-ın Suriyanın enerji sektorunda iştirakı da gündəmə gəlib.
Qeyd edək ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, əgər “SOCAR Türkiyə”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə ilk olaraq bildirib ki, Suriyada sülhün və stabilliyin bərqərar olmasında Türkiyənin müstəsna rolu var:
“Bunu bu yaxınlarda ABŞ prezidenti Donald Tramp da etiraf edib. Suriyanın yenidən qurulması çox böyük qüvvə və enerji tələb edir. Azərbaycan ilk gündən Türkiyə ilə yanaşı olduğu bu məsələdə Türkiyə ilə birlikdə iştirak etməyə hazır olduğunu bildirir. Artıq birinci dəfə deyil ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə yaxından qardaş kimi iştirak edirlər. O cümlədən, bu gün Suriyanın neft, qaz və energetika sahəsinin bərpa edilməsinə də çox böyük ehtiyac var”.
Deputatın sözlərinə görə, bu məsələdə Azərbaycan böyük təcrübə və imkanlara malikdir: “Bu baxımdan, Azərbaycan prezidenti Suriyanın müvəqqəti prezidenti ilə görüşdə bu məsələni də birgə müzakirə edib. Hesab edirəm ki, bu Suriyada artıq buraxılmış və ciddi rekonstruksiyaya ehtiyacı olan sahələrin bərpa olunmasında Azərbaycanın iştirakını təmin edə bilər. Ümumilikdə, dünya Azərbaycan və Türkiyənin həmişə olduğu kimi, yenidən birgə fəaliyyət göstərdiyinin şahidi olur. Qalan məsələlər isə əlbəttə ki, artıq mütəxəssislərin görüşündə həll ediləcəkdir”.
Nəzrin Salmanova
20:37 21.04.2025
Oxunuş sayı: 1323