Otuz günlük atəşkəsin “pərdəarxası”: Putin ABŞ-a diplomatik jest edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın gözündə özünü problem yaradan deyil, həll təklif edən bir lider kimi göstərməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” nəşri yazıb.
“Putin aprelin 19-da “Pasxa atəşkəsi” elan etdi. Bu, münaqişənin başlanmasından bəri ilk real hərbi əməliyyatların dayandırılması ola bilər. Lakin atəşkəsin müddəti cəmi 30 saatdır – nə 30 gün, nə də tam bir həftə. Bu, daha çox diplomatik jestə bənzəyir, nəinki ciddi hərbi və ya mənəvi addıma. Qeyd edək ki, bu atəşkəs Moskvanın Donald Trampın iki ay əvvəl başlatdığı sülh danışıqları fonunda verdiyi ilk güzəşt kimi qiymətləndirilə bilər. Lakin Kremlin bu addımının əslində nə qədər əhəmiyyət daşıdığı və hərbi vəziyyətə hansı dərəcədə təsir göstərəcəyi sual altındadır”, - nəşr yazıb.
Qeyd olunub ki, ABŞ administrasiyası ilk mərhələdə tam 30 günlük atəşkəs təklif etmişdi: “Kiyev bu təklifə razılıq versə də, Moskva razılaşmadı. Sonradan isə dənizdə hərbi əməliyyatların dayandırılması üçün təşəbbüs göstərildi, lakin Kreml bu dəfə də qarşılığında sanksiyaların yumşaldılmasını istədi və razılaşma baş tutmadı. İndi isə gözlənilmədən Kreml “Pasxa atəşkəsi” təklif etdi. Bu təklifin motivasiyası kimi Vaşinqtonun danışıqlarda irəliləyiş olmamasına görə artan narazılığı göstərilir. Tramp aprelin 18-də ABŞ-nin razılaşma cəhdlərindən imtina edə biləcəyini bildirib. Onun dövlət katibi isə ABŞ-nin “danışıqlardan geri çəkilə” biləcəyini deyib”.
Bildirilib ki, analitiklərə görə, hərbi baxımdan bu, Rusiya üçün ciddi bir problem deyil: “Amma əgər Tramp sülh prosesindəki durğunluğa görə məsuliyyəti Putinin üzərinə qoyarsa və Vaşinqton-Moskva münasibətlərindəki müsbət dinamikanı dayandırarsa, bu, Kreml üçün narahatedici ola bilər. Putinin bu addımı Trampı razı salmaq və münasibətləri qorumaq üçün atılmış siyasi bir jest kimi qiymətləndirilir”.
Xumar Emilqızı
11:27 20.04.2025
Oxunuş sayı: 964