Novak: Avropada Rusiya enerji resurslarına maraq artır
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Avropa ölkələrində Rusiya nefti və qazının tədarükünə qayıtmaqla bağlı çağırışların səsləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Marina Kimə “Solovyov Live” efirində verdiyi müsahibədə deyib.
Novak nümunə kimi Almaniyanı göstərib və bu ölkədə Rusiya enerji resurslarının tədarükünün bərpasına çağırışların səsləndiyini bildirib.
Onun sözlərinə görə, son vaxtlar getdikcə daha çox siyasətçi və ölkə Rusiya nefti və qazından imtina etdiklərinə görə təəssüfləndiklərini bildirir. Avropa İttifaqında tədarük üçün istisnalar tətbiq edilən ölkələr isə bu güzəştlərin müddətinin uzadılmasını istəyirlər.
Novak Rusiyanın enerji resurslarının tədarük istiqamətlərini Asiya-Sakit okean regionuna yönəltdiyini qeyd edib. Onun sözlərinə görə, nəqliyyat xərclərinin artması tədarükü Rusiya üçün bir qədər bahalaşdırsa da, ixrac həcmləri qorunub saxlanılıb.
“Enerji resurslarımızı Asiya-Sakit okean regionuna yönəltdik. Nəqliyyat xərclərinin artması səbəbindən bu, bizim üçün bir qədər baha başa gəldi. Lakin həcmlər baxımından itkiyə məruz qalmadıq”, – deyə Novak bildirib.
O əlavə edib ki, Avropa ölkələri enerji resurslarının əvvəlki həcmlərini itirib və onların alışına daha çox vəsait xərcləməli olurlar.
Bundan əvvəl Macarıstanın baş naziri Peter Madyar ölkəsinin Rusiya nefti və təbii qazının tədarükündən qısa müddətdə imtina edə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Budapeşt Moskva ilə münasibətlərdə praqmatik yanaşmanı davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Rusiya daha əvvəl dizel yanacağının ilk tankerini dünya bazarına göndərib.
05:45 18.10.2026
Oxunuş sayı: 49