Pasxa atəşkəsi pozulur – hər iki tərəf bir-birini ittiham edir

Pasxa bayramı münasibətilə elan olunan müvəqqəti atəşkəsə baxmayaraq, Rusiya və Ukrayna arasında döyüşlərin davam etdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hər iki tərəf qarşılıqlı olaraq atəşkəs rejimini pozmaqda bir-birini ittiham edir.
Rusiya tərəfi:
Rusiya mətbuatı və hərbi müxbirlər Ukraynanın müxtəlif istiqamətlərdə hücumlarını davam etdirdiyini qeyd edirlər. RT telekanalının müharibə müxbiri Andrey Filatovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Pokrovsk istiqamətində dron və artilleriya vasitəsilə hücumlar həyata keçirib.
“Zapiski veterana” adlı Telegram kanalı Ukrayna tərəfindən Zaporojye vilayəti və Luqansk Xalq Respublikası (LXR) ərazilərinə zərbələrin endirildiyini iddia edib. “Molotov Axmat” kanalının müəllifi də Kiyev qüvvələrinin atəşkəs rejiminə əməl etmədiyini bildirib.
Rusiya müharibə müxbiri Yevgeni Poddubnıy isə Sumı istiqamətində Rusiya mövqelərinə qarşı atəşlərin davam etdiyini açıqlayıb.
Ukrayna tərəfi:
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya ordusunun Şərq cəbhəsi başda olmaqla, bütün istiqamətlərdə atəşi davam etdirdiyini bəyan edib.
Prezident Aparatının rəhbəri Andrey Yermak Xerson bölgəsində Rusiya qüvvələrinin atəşkəsə məhəl qoymadan hücumlarını davam etdirdiyini bildirib.
Hazırkı vəziyyət atəşkəsin yalnız kağız üzərində qaldığını və cəbhə xəttində gərginliyin səngimədiyini göstərir.
23:19 19.04.2025
Oxunuş sayı: 1465