ABŞ-dakı Qazaxıstan vətəndaşlarına çağırış: ölkəni könüllü tərk edin

Qazaxıstanın Vaşinqtondakı səfirliyi, ABŞ-da deportasiya qərarı olan vətəndaşları, "CBP Home" mobil tətbiqi vasitəsilə ölkəni könüllü tərk etməyə çağırıb. Bu çağırış, ABŞ-ın sərhəd təhlükəsizliyini gücləndirmək və qeyri-qanuni miqrasiyanı azaltmaq məqsədilə immiqrasiya siyasətini sərtləşdirməsi fonunda edilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, səfirlik, ABŞ-da qanunsuz yaşayan vətəndaşlara, məcburi deportasiya və gələcəkdə ölkəyə giriş qadağası kimi ciddi nəticələrdən qaçmaq üçün könüllü çıxış imkanından istifadə etməyi tövsiyə edir. ABŞ hakimiyyət orqanları, qanuni sənədləri olmayan əcnəbilərə, ölkəni könüllü tərk etməklə, məcburi deportasiya prosedurundan və gələcək viza müraciətlərində qarşılaşa biləcək qadağalardan qaçmaq imkanı təqdim edir.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-da təxminən 3600 Qazaxıstan vətəndaşı konsulluq qeydiyyatındadır. Lakin, qeyri-qanuni yaşayan vətəndaşların dəqiq sayı məlum deyil və bu rəqəmin yüzlərlə və ya minlərlə ola biləcəyi təxmin edilir.
Səfirlik, ABŞ-da yaşayan vətəndaşlara, immiqrasiya qanunvericiliyindəki dəyişiklikləri diqqətlə izləməyi və ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) və ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosunun rəsmi veb saytlarında yenilikləri izləməyi tövsiyə edir.
Fatimə Nəbiyeva
20:30 19.04.2025
Oxunuş sayı: 712