"Yaşamaq İstəyirəm" – Gənc istedadların əməkdaşlığından doğulan qısa hekayə

Türkel Filmin təqdimatında yeni bir qısametrajlı film artıq izləyicilərə təqdim olunub. “Yaşamaq İstəyirəm” adlı bu ekran işi Azərbaycan İncəsənət Məktəbinin tələbələrinin iştirakı ilə ərsəyə gəlib. Film həm mövzu seçimi, həm də gənc yaradıcı heyətin işinə yanaşması ilə diqqət çəkir.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi – Aysu Türkel, eyni zamanda baş rollardan birini də ifa edir. Onunla birgə ekran qarşısında Günel Abbas və Pərviz Sərxan çıxış ediblər. Filmin vizual dilini formalaşdıran quruluşçu operator Orxan Allahverdiyev, operator isə Nicat İsayevdir.
Crossmedia.az xəbər verir ki, ekran əsərində duyğuları daha da dərinləşdirən və atmosferi gücləndirən musiqi seçimi də diqqətdən yayınmır. Film boyu Qaraqanın məşhur “Qızım” adlı əsəri səslənir – bu da həm emosional təsiri artırır, həm də süjetin ritminə uyğun bir müşayiət yaradır.
“Yaşamaq İstəyirəm” – həyatla, ümidlə və gənclərin daxili mübarizələri ilə bağlı qısa, amma təsirli bir hekayədir. Gənc kinoçuların səmimi yanaşması, peşəkar vizual dili və orijinal təqdimatı bu qısametrajlı filmi müasir yerli ekran işləri arasında seçilən nümunəyə çevirir.
Ayan Sədi
15:55 17.04.2025
Oxunuş sayı: 5252