Ukraynada seçki qovğası: Zelenski keçmiş silahdaşı ilə üz- üzə

Rusiya ordusunun Ukrayna şəhərlərini demək olar ki, hər gecə bombaladığı bir vaxtda, ölkədə seçkilərin keçirilməsi fantastik bir fikir kimi görünə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "BBC" yazıb.
Lakin Kiyevin küçələrində və hökumət dairələrində bu ehtimal yenidən müzakirə olunur: “Qeyd edək ki, son üç il ərzində Ukraynada seçki ilə bağlı müxtəlif şayiələr yayılıb. Hər dəfə bu söhbətlər hökumət, müxalifət və cəmiyyət tərəfindən rədd edilib, əsas prioritetin Rusiya işğalına qarşı birgə mübarizə olduğu bildirilib. Ölkədə 2024-cü ildə keçirilməli olan prezident seçkiləri, Rusiya işğalından sonra tətbiq olunan hərbi vəziyyət səbəbindən təxirə salınıb. Buna baxmayaraq, Kreml Volodimir Zelenskinin legitimliyini şübhə altına alaraq, atəşkəs müqabilində yeni seçkilər tələb edir. ABŞ-nin prezidenti Donald Tramp da bu fikri təkrarlayıb. İndi isə seçki ehtimalı yenidən gündəmə gəlib. BBC-nin mənbələrinə görə, seçkilərin bu ilin sonlarında keçirilməsi üçün bəzi əsaslı səbəblər var”.
Bildirilib ki, Zelenskinin potensial əsas rəqibi, Ukrayna ordusunun sabiq baş komandanı Valeriy Zalujnı seçki ilə bağlı yayılan iddiaları təkzib edib: “Mənim bu məsələyə cavabım dəyişməyib. Müharibə davam etdiyi müddətdə biz ölkəni xilas etməliyik, seçkiləri deyil, bu barədə düşünməliyik,” – deyə Zalujnı RBC-Ukrayna agentliyinə bildirib.
Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko isə “Ukrainska Pravda” nəşrinə açıqlamasında bildirmişdi ki, seçki keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Hazırkı qanuna görə, parlament seçkiləri hərbi vəziyyətin ləğvindən 60 gün, prezident seçkiləri isə 90 gün sonra keçirilməlidir.
"The Economist" nəşri isə iddia edib ki, Zelenski ötən həftə seçki məsələsini müzakirə edib və ABŞ-nin Rusiyanı atəşkəsə məcbur etməsindən sonra seçkiyə hazırlıq barədə tapşırıq verib. Hətta seçkinin Pasxa bayramından sonra baş tuta biləcəyi bildirilir. Ancaq Ukrayna hökuməti bu iddiaları təkzib edir.
"Burada yanlış məlumat var," – deyə prezident administrasiyasının nümayəndəsi BBC-yə bildirib. "Belə bir toplantı olmayıb və belə bir göstəriş də verilməyib."
Lakin bəzi siyasi ekspertlər və diplomatlar seçkilərin keçirilməsi üçün bir neçə əsas səbəb görürlər: Zelenskinin reytinqi artmaqdadır. Mart ayında keçirilən sorğulara görə, onun dəstək səviyyəsi 69%-ə yüksəlib. Yeni dönəm qazanmaqla, Zelenski Rusiyanın siyasi iddialarını təkzib edər və atəşkəs danışıqlarında mövqeyini gücləndirər. May ayında hərbi vəziyyətin yenidən təsdiq edilməsi tələb olunacaq. Zelenski bu fürsətdən istifadə edərək, hərbi vəziyyətin ləğvini və yayda seçkilərin keçirilməsini elan edə bilər. ABŞ seçkilərin baş tutacağını hesab edir. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 21-də bildirib ki, Ukrayna hökuməti seçkilərə razılıq verib. Ukrayna rəsmiləri seçkilərin texniki çətinliklərinin aradan qaldırıla biləcəyinə inanır. Milyonlarla vətəndaş mühacirətdə və ya döyüş meydanında olsa da, onlar elektron səsvermə üçün "Diia" mobil tətbiqindən istifadə edə bilərlər.
Məlumata görə, lakin seçkilərə qarşı çıxan arqumentlər də az deyil:
"Diia" tətbiqi ilə səsvermə qanuni əsas tələb edir və bu proses parlamentdə çətinliklə qəbul edilə bilər. Bundan əlavə, tətbiqin kiberhücumlara məruz qalması riski var.
Müvəqqəti atəşkəs zamanı hərbi vəziyyətin ləğvi, ön cəbhədən minlərlə əsgərin qaçmasına səbəb ola bilər.
Rusiya seçkilər zamanı kiberhücumlar və dezinformasiyalarla nəticəyə təsir etməyə çalışa bilər.
Ukraynalıların əksəriyyəti seçkilərin keçirilməsinə qarşıdır. Mart ayında keçirilən sorğulara görə, respondentlərin 78%-i müharibə tamamilə başa çatmadan seçkilərin keçirilməsini istəmir.
Bütün bu müzakirələrə baxmayaraq, yaxın aylarda Ukraynanın siyasi kursunun necə formalaşacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Xumar Emilqızı
22:35 01.04.2025
Oxunuş sayı: 820