Milli Qəhrəman Şükür Həmidov – Qəhrəmanlıqla dolu bir ömür

Bu gün Azərbaycanın igid oğullarından biri, 44 günlük Vətən müharibəsinin qəhrəman iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür. O, öz həyatını Vətənə həsr edən, torpaqlarımızın azadlığı uğrunda şücaətlə vuruşmuş və qəhrəmancasına şəhid olmuş qürur yerimizdir.
1 aprel 1975-ci ildə Qubadlı rayonunda anadan olan Şükür Nəriman oğlu Həmidov erkən yaşlarında hərb sənətinə maraq göstərib. O, orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 1995-ci ildə buranı uğurla başa vuraraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
Hərbi karyerası ərzində müxtəlif vəzifələrdə çalışan Şükür Həmidov böyük peşəkarlığı, cəsarəti və vətənpərvərliyi ilə seçilib. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti tərəfindən “Milli Qəhrəman” adına layiq görülüb. Bu, onu Azərbaycan Ordusunda bu ada layiq görülən nadir zabitlərdən biri edirdi.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Şükür Həmidov doğma yurdu Qubadlının azad olunması uğrunda döyüşlərdə ön sıralarda vuruşdu. O, əsgərlərinə ruh yüksəkliyi verərək, onlarla birlikdə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdi. Onun rəhbərliyi altında Azərbaycan Ordusu Qubadlı istiqamətində mühüm nailiyyətlər qazandı.
Lakin 22 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı Şükür Həmidov qəhrəmancasına şəhid oldu. Onun şücaəti və fədakarlığını Azərbaycan xalqı heç vaxt unutmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Şükür Həmidov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Bununla yanaşı, o, “Zəfər” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.
Şükür Həmidovun adının Azərbaycan Ordusunun şərəfli səhifələrində əbədi yaşayacağına qəti şübhə yoxdur. O, öz canı bahasına torpaqlarımızın azadlığına nail olan igid qəhrəmanlarımızdan biridir. Onun qəhrəmanlıq yolu da gələcək nəsillər üçün örnəkdir.
Ayhan Ağarzayev
16:48 01.04.2025
Oxunuş sayı: 644