Zelenski: "Dünya rus işğalının nə demək olduğunu Buçada gördü"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin xalqının həyatını və təhlükəsizliyini qorumaq üçün mübarizə apardığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu fikirləri Kiyev vilayətinin Buça şəhərinin Rusiya ordusundan geri alınmasının üçüncü ildönümü ilə bağlı sosial media hesabında yayımladığı açıqlamada səsləndirib.
“Dünya rus işğalının nə demək olduğunu Buçada gördü. İnsanlar küçələrdə öldürüldü, işgəncələrə məruz qaldı, adi evlərin həyətlərində qəbirlər qazıldı. Ukrayna öz xalqının həyatı uğrunda mübarizə aparır”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezident Administrasiyasının yaydığı məlumatda, Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya və dövlət rəsmiləri ilə birlikdə “Buça Qurbanları” abidəsini ziyarət etdiyi bildirilib.
Mərasimdə Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, İslandiya, İspaniya, Litva, Lüksemburq, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Xorvatiya, Çexiya və İsveç parlamentlərinin spikerləri, deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Buça 33 gün ərzində Rusiya ordusunun nəzarətində olub və bu müddətdə 12-si uşaq olmaqla 561 mülki vətəndaş həyatını itirib.
Aybəniz Səfərova
18:35 31.03.2025
Oxunuş sayı: 996