"Sülh üçün Ermənistanın bəyanatları yox, real addımları lazımdır" - DEPUTAT

Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb. O, qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq. “Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”, – Əmirbəyov bildirib. Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır. “Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin fikirləri haqqında Crossmedia.az-a danışan Milli Məclisin deputatı Nigar Arpadarai qeyd edib ki, müqavilənin mətni üzrə razılaşmanın əldə olunması irəliyə doğru atılmış addımdır: "Bu, texniki cəhətdən o deməkdir ki, beynəlxalq hüquq mütəxəssisləri öz işlərini görüblər. Amma müqaviləni hüquqşünaslar deyil, xalqın buna səlahiyyət verdiyi siyasətçilər bağlayır. Və müqavilə o zaman bağlanır ki, onun üçün siyasi iradə və lazımi şərait olsun. Diqqət yetirsəniz, Ermənistanın sülhə hazır olması ilə bağlı bütün bəyanatlarının auditoriyası üçüncü tərəflərdir, yəni, Ermənistan rəhbərliyinin bu mesajları Azərbaycana deyil, üçüncü tərəflərə yönəlir. Aydındır ki, bu mesajların məqsədi dünya qarşısında şou yaratmaqdır. İkitərəfli dinamikada uğur nümunələri var. Məsələn, Azərbaycan və Ermənistan sərhədin kiçik hissəsi ilə bağlı razılığa gəliblər. Üstəlik, bunu heç bir vasitəçi olmadan və Ermənistan tərəfi üçün adi olan, xaricə yönəlmiş yüksək ritorika olmadan ediblər. Bu isə o deməkdir ki, sülh əldə edilə bilər. Amma bunun üçün Ermənistanın bəyanatları yox, real əməli addımları lazımdır".
N.Arpadara diqqətə çatdırıb ki, Ermənistan hələ də öz sərhədində açıq-aşkar kəşfiyyat məqsədləri daşıyan Avropa İttifaqının monitorinq missiyasını saxlayır: "Azərbaycanın bir neçə kəndi Ermənistan ordusunun nəzarəti altındadır. Ermənistan, üzərinə götürdüyü yazılı öhdəliklərə baxmayaraq, Naxçıvanın blokadasının açılması istiqamətində bir addım belə irəliləməyib. Xankəndindən qaçan “Artsax hökumət məmurları” hələ də üzərində qondarma vəzifələr yazılmış vizit kartları ilə İrəvanda azadlıqda gəzirlər. Ən əsası, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlanılır. Ona görə də Azərbaycanın mövqeyi aydındır. Sülh media kampaniyaları ilə deyil, birbaşa Azərbaycanla təmasların nəticəsi olaraq qurulmalıdır".
Kənan Novruzov
16:08 27.03.2025
Oxunuş sayı: 2069