Tramp Netanyahunun İrana hücum planını dayandırıb
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 10-da İrana genişmiqyaslı hava hücumları həyata keçirməyi planlaşdırsa da, ABŞ Prezidenti Donald Trampın etirazından sonra əməliyyat təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Netanyahu oktyabrın əvvəlində İsrail ordusuna İrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşmaq göstərişi verib.
Oktyabrın 10-na planlaşdırılan hücumlar zamanı İranın nüvə obyektlərinin, elektrik stansiyalarının və digər infrastrukturunun, eləcə də hakimiyyətlə əlaqəli hədəflərin vurulması nəzərdə tutulub.
İsrail Hərbi Hava Qüvvələri bir neçə gün davam edəcək əməliyyata hazır vəziyyətdə olsa da, Donald Tramp hərbi qarşıdurmanın yenidən başlanmasına qarşı çıxıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində İranla hərbi münaqişənin yenidən alovlanmasını istəməyib.
Bundan sonra Netanyahu hücum hazırlıqlarının dayandırılması barədə göstəriş verib.
Bununla belə, nəşr İsrail rəhbərliyinin İrana qarşı yeni hərbi əməliyyatlar keçirmək imkanını nəzərdən keçirməyə davam etdiyini bildirib.
11:16 21.10.2026
Oxunuş sayı: 123