Trampın ticarət müharibəsi: Risklər, perspektivlər

Aprelin 2-də tətbiq olunacağı bildirilən böyük tarif tədbirlərinin əhəmiyyətli dərəcədə yumşaldılacağı ilə bağlı ehtimallar artdıqca, qlobal maliyyə bazarları ehtiyatlı nikbinlik nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
ABŞ-də Donald Tramp administrasiyası ticarət müharibəsinin eskalasiyasını bir qədər geri çəkməyə hazırlaşır. Həftəsonu yayılan xəbərlərdə bildirilir ki, ABŞ hökumətinin sektorlar üzrə xüsusi tariflər tətbiq etmək planı ləğv edilə bilər. Əgər bu doğrudursa, bu, avtomobillər, yarımkeçiricilər və əczaçılıq məhsullarına qoyulacaq 25%-ə qədər tariflərin qüvvəyə minməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, "Bloomberg News" ilk olaraq bu məsələ ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, qərar müvafiq sənaye sahələrinin güclü lobbiçiliyi fonunda verilib. "The Wall Street Journal" isə Tramp administrasiyasındakı bir mənbəyə istinadən bildirib ki, idxal rüsumlarının tətbiqi ən azı müvəqqəti olaraq təxirə salına bilər. Lakin mənbə əlavə edib ki, ABŞ mallarına qarşı tətbiq edilən rüsumlara cavab olaraq nəzərdə tutulan "qarşılıqlı" tariflər aprelin ikisində qüvvəyə minəcək.
Eyni zamanda tariflərin yalnız ABŞ ilə ən böyük ticarət balanssızlığı olan ölkələrə və ya ticarət bloklarına şamil ediləcəyi ilə bağlı ehtimallar da var.
Ağ Ev bu xəbərlərə hələ rəsmi reaksiya verməsə də, ABŞ Maliyyə Naziri Skott Bessentin əvvəlki açıqlamaları bazarlarda bir qədər ümid yaradıb. O, qarşılıqlı tariflərin təxirə salına biləcəyini bildirmişdi.
Bildirək ki, ABŞ və Çin arasında əlavə ticarət danışıqlarının planlaşdırıldığı bildirilir. Avropa İttifaqı isə ötən həftə ABŞ-nin polad və alüminium tariflərinə cavab olaraq tətbiq etməyi planlaşdırdığı tədbirləri bir müddət təxirə sala biləcəyini açıqlayıb.
Bu xəbərlər maliyyə bazarlarında nikbinlik yaradıb. Son həftələrdə ticarət müharibəsinin resessiyaya səbəb ola biləcəyi qorxusu ABŞ fond bazarına və dolların məzənnəsinə mənfi təsir etmişdi. Son iqtisadi göstəricilər artıq bəzi ölkələr üçün mənfi nəticələr ortaya qoyub. Aprelin əvvəlində universal metal tariflərinin qüvvəyə minməsindən sonra, S&P Global tərəfindən yayımlanan məlumatlara görə, mart ayında beynəlxalq tələbatın azalması Böyük Britaniyada ixrac satışlarının 2023-cü ilin avqustundan bəri ən sürətli enişinə səbəb olub. Bu həm də son bir il yarımda istehsal həcmlərində ən böyük azalmanı qeyd edib.
Qeyd edək ki, bütün bu qeyri-müəyyənliklər fonunda bazarlar ehtiyatlı optimistlik nümayiş etdirir. Bazar ertəsi səhəri Avropada birjalarda müsbət dinamika müşahidə edilib. Londonun FTSE 100 indeksi 0,5% artıb, Almaniyanın DAX indeksində də oxşar artım qeydə alınıb.
Xumar Emilqızı
01:30 25.03.2025
Oxunuş sayı: 1187