Rusiyanın danışıqları uzatmaqdakı məqsədi açıqlanıb

Rusiya Ukrayna ilə sülh danışıqlarını məqsədli şəkildə uzadaraq daha çox ərazi ələ keçirmək və ABŞ-lə danışıqlarda mövqeyini gücləndirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri mənbələrə istinadən yazıb.
Nəşrin diplomatik mənbəsi bildirib ki, zaman hazırda Rusiyanın xeyrinə işləyir və Kreml bundan maksimum yararlanmaq istəyir.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə son telefon danışıqlarından sonra yayılıb. Trampla danışığından sonra Putin Ukraynanın enerji infrastrukturlarına hücumları 30 gün müddətinə dayandırdığını iddia etsə də və Kiyev bu təşəbbüsü dəstəkləsə də, Rusiyanı mülki obyektlərə hücumları davam etdirməkdə ittiham edib.
Qeyd edək ki, Vaşinqton və Kiyev 30 günlük genişmiqyaslı atəşkəsin, o cümlədən quru əməliyyatlarının dayandırılmasını təklif etməyinə baxmayaraq, Moskva bu təklifi yalnız Ukraynaya xarici hərbi dəstəyin dayandırılması və digər şərtlərlə qəbul edəcəyini bildirib.
Nəşrə danışan bir Rusiya rəsmisi Kremlin Vaşinqtonun ya Rusiyanın yeni hücumlarını görməzdən gələcəyinə, ya da Ukraynanı qismən işğal olunmuş ərazilərdən – Xerson və Zaporojye vilayətlərindən geri çəkilməyə məcbur edəcəyinə ümid etdiyini deyib.
Məlumata görə, Rusiya 2022-ci ildə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqını elan etsə də, bu əraziləri yalnız qismən işğal edə bilib. Kremlə yaxın mənbələrin sözlərinə görə, Putin bu bölgələri siyasi baxımdan “itirə bilməz” və onların nəzarətdə saxlanılması prioritet məsələdir.
Zelenski martın 12-də bildirib ki, Kiyev mümkün sülh sazişi çərçivəsində işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını qəbul etməyəcək.
Ukraynada atəşkəs məsələsi ilə bağlı ABŞ və Rusiya arasında yeni danışıqlar martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayıb. Reutersin məlumatına görə, görüşün Qara dənizdə atəşkəs və daha geniş sülh danışıqları mövzularına fokuslanacağı gözlənilir.
Bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu danışıqlardan ciddi nəticə gözlənilməməsi lazım olduğunu bildirib. O, “Kommersant” qəzetinə açıqlamasında danışıqların “bir neçə istiqamətdə davam etdiyini” qeyd edib. ABŞ və Ukraynanın, ABŞ-Rusiya danışıqlarından sonra yeni bir raund müzakirə aparacağı gözlənilir. Bu görüşlər Donald Trampın Ukraynada atəşkəs və daha geniş sülh sazişi əldə etmək üçün göstərdiyi səylərin fonunda baş tutur.
Xumar Emilqızı
22:40 24.03.2025
Oxunuş sayı: 1194