Futbolçular nasist salamına görə həbs edildilər

Fransa polisinin məlumatına görə, yeddi xorvatiyalı futbol azarkeşi bazar günü Stade de France stadionunda keçirilən Fransa-Xorvatiya Millətlər Liqası matçı zamanı nasist salamı verdikdən sonra həbs edilib.
Crossmedia.az xarici mediaya əsasən bildirir ki, Paris polisinin rəisi Laurent Nunez bazar ertəsi həbsləri təsdiqləyib. O bildirib ki, həbs əməliyyatı Saint-Denis bölgəsində matç zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilib. Nunez sosial mediada belə yazıb: “İdman bir bayramdır və belə də qalmalıdır. Bu adamların idman sahəsində heç bir işi yoxdur.”
Paris polis departamenti azarkeşlərin hansı komandaya aid olduğunu açıqlamasa da, Xorvatiyanın dövlət xəbər agentliyi HINA saxlanılanların hamısının Xorvatiya vətəndaşı olduğunu bildirib.
Məlumata görə, təxminən 300 nəfərlik xorvat azarkeş qrupu matçdan əvvəl stadiona doğru yürüş edib, vətənpərvər mahnılar oxuyub, nasist salamı verib və tüstü bombaları işə salıb. Onlardan bəziləri Xorvatiya himni səsləndirilərkən və oyunun birinci hissəsində də nasist jestini təkrarlayıb.
Səlahiyyətlilər bildiriblər ki, xorvat azarkeşlərin olduğu sektorda atəşfəşanlıq və məşəllər yandırılıb. HINA əlavə edib ki, polis bəzi fanatların əlində dəmir barmaqlıqlar, teleskopik dəyənəklər, iti taxta çubuqlar və tüstü bombaları aşkar edib.
Bununla belə, final fitindən sonra azarkeşlər sakit şəkildə dağılıb və avtobuslarla stadiondan insidentsiz ayrılıblar.
Qeyd edək ki, ötən il UEFA Xorvatiyanı və daha 6 futbol assosiasiyasını avrokubok oyunları zamanı azarkeşlərin irqçi və ayrı-seçkilik davranışına görə cərimələmişdi. Xorvatiya hər üç matçda baş verən insidentlərə görə 50 min avro (2 milyon 53 min 700 türk lirəsi) məbləğində ən böyük cəriməni alıb.
Zəhra Ağayeva
23:00 24.03.2025
Oxunuş sayı: 1225