İnformasiya savaşı: dezinformasiyaların yaradılıb yayılması

Rəqəmsal dövrün sürətli inkişafı ilə informasiya artıq cəmiyyətin formalaşmasında və idarə olunmasında ən güclü alətlərdən birinə çevrilib. Hər birimiz gündəlik həyatımızda sosial şəbəkələrdən, xəbərlərdən və müxtəlif media platformalarından istifadə edirik. Lakin bu platformalar təkcə doğru məlumatları deyil, həm də manipulyasiya edilmiş və yanlış xəbərləri də yayır. Həmçinin sosial şəbəkələr və media vasitəsilə yayılan məlumatlar insanların fikirlərinə və qərarlarına təsir edir. Bu səbəbdən informasiya müharibəsi cəmiyyətin düşüncə tərzini və davranışını yönləndirmək üçün geniş istifadə edilir.
Bəs informasiya müharibəsi nədir və onun əsas məqsədi nəyə xidmət edir?
Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, elmi nəzəriyyələr müasir müharibələri assimetrik və ya hibrid müharibələr adlandırır:
"Mahiyyəti ondan ibarətdir ki, rəqib üzərində qələbə qazanmaq üçün təkcə hərbi deyil, həm də qeyri-hərbi vasitələrdən istifadə edilir. Qarşı tərəfə iqtisadi və siyasi təzyiqlər göstərmək, diplomatik basqılar etmək, psixoloji gərginlik yaratmaq, kiber hücumlara əl atmaq və ya dezinformasiya yaymaq asimmetrik və ya hibrid müharibənin geniş yayılmış mexanizmləridir. Qeyd etmək lazımdır ki, mövcud müharibələrin təqribən 40 faizi döyüş meydanında, qalan 60 faizi isə informasiya və diplomatiya savaşı müstəvisində aparılır. Məsələ burasındadır ki, döyüş meydanında savaş müəyyən müddətdən sonra başa çatır. Diplomatik müstəvidə isə gərginlik müəyyən nəticələr əldə edildikdən sonra sona çatır. İnformasiya savaşı isə uzunmüddətli davam edir. Rəqib tərəfi məğlub etmək ideyasının formalaşdığı andan başlayır və ortada sülh anlaşması yaranana qədər davam edir.
İnformasiya savaşının ən mühüm elementi dezinformasiyaların yaradılıb yayılmasıdır. Bu kateqoriya əsasən "bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları" nəzərdə tutur. Ekvivalent olaraq "rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat" ifadəsi işlədilir. Elmi ədəbiyyatda qeyd edilir ki, "dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır və mahiyyətində mənfur motivlər dayanır. O, zərərli niyyətlər üçün yaradılmışdır". Həmçinin nüfuzlu PolitiFact platforması 2016-cı ildə dezinformasiyanı "müasir siyasətin fenomeni" elan edib".
Müşfiq Ələsgərli qeyd edib ki, yaşadığımız günlərdə dezinformasiyanın istehsalı və yayımı sürətlə artır. Onun sözlərinə görə, bu, iki mühüm amillə bağlıdır:
"Birinci amil rəqəmsal transformasiyalar, yeni media alətlərinin çoxalması, sosial şəbəkə platformalarının artımı ilə əlaqədardır. Rəqəmsal mühit texniki baxımdan dezinformasiya istehsalını və yayımını asanlaşdırır. Xüsusilə sosial şəbəkələr bu kontekstdə münbit platformalar rolunu icra edirlər. Dezinformasiyaların indiki şəraitdə sürətlə artmasının digər bir səbəbi isə dünyada baş verən siyasi kataklizmlərdir. Yaşadığımız dövrdə müharibələrin, münaqişələrin, siyasi qarşıdurmaların sayı artıb. Dünya düzəni yenidən formalaşdırılır və hər kəs bu yeni düzəndə özünə üstün mövqe qazanmağa çalışır. Beləliklə, rəqabət artır, qarşıdurmalar çoxalır və müharibələrin sayı artır. Müharibə və münaqişələrin çoxalması isə informasiya savaşını stimullaşdırır və dezinformasiyaların artımına səbəb olur".
Müşfiq Ələsgərli dezinformasiyaların qarşısının alınması üçün tətbiq olunan metodlardan da danışıb:
"Bütün bunları nəzərə alaraq, yaşadığımız dövrdə dezinformasiyaların qarşısının alınması üçün müxtəlif metodlar tətbiq edilir. Daha dəqiq desək, hər bir dövlət, cəmiyyət və sosial qruplar dezinformasiyalardan qorunmaq üçün yollar axtarır və yeni mexanizmlər tətbiq edirlər.
Diqqət yetirsək, görərik ki, hazırda dezinformasiyaya qarşı mübarizənin 4 əsas istiqaməti formalaşıb. Bunlardan birincisi media savadlılığının artırılmasıdır. İnsanlarda media savadlılığının artırılması dezinformasiyanın qarşısını almağın ən effektiv yollarından biridir. Digər üç metod isə sonrakı yerlərdə sıralanır. Bunlar dezinformasiyanın hədəf aldığı sahələr üzrə məlumat bolluğunun yaradılması, hüquqi və inzibati mübarizə mexanizmlərinin tətbiq edilməsi kimi tədbirlərdir".
Elnurə Kərimova
11:15 18.03.2025
Oxunuş sayı: 1193