"Azərbaycan qlobal səviyyədə açıq dialoq aparan ölkədir"- ŞƏRH

Müasir dünya sürətlə dəyişir, yeni geosiyasi reallıqlar formalaşır və qlobal çağırışlar qarşısında beynəlxalq ictimaiyyət yeni həll yolları axtarır. Məhz bu kontekstdə 13-15 mart tarixlərində Bakıda keçiriləcək XII Qlobal Bakı Forumu mühüm əhəmiyyət daşıyır. "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusu ətrafında aparılacaq müzakirələr qlobal siyasət, təhlükəsizlik, diplomatiya və inkişaf məsələlərinə yeni baxış gətirəcək.
Azərbaycanın ev sahibliyi etdiyi bu Forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, qlobal problemlərin həlli və sülhün təşviqi baxımından vacib bir platformaya çevrilib. Bu yazıda Forumun əhəmiyyəti, gündəliyi və gözlənilən nəticələri barədə ətraflı məlumat verəcəyik.
XII Qlobal Bakı Forumu ilə bağlı Crossmedia.az Milli Məclisin deputatı Rizvan Nəbiyev açıqlama verdi.
O bildirib ki, Azərbaycan Prezidentinin belə yüksək səviyyəli forumda bu fikirləri səsləndirməsi, çoxsaylı dövlət başçıları arasında onun prinsipial mövqeyinin və cəsarətli siyasətinin göstəricisidir: "Bu Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan mövqeyindən irəli gəlir. O, hər zaman öz fikirlərini açıq və qətiyyətlə ifadə edir. Bakıda belə bir forumun keçirilməsi və 60-dan çox dövlətdən 400-dən artıq dövlət və hökumət başçısının, keçmiş xarici işlər nazirlərinin, baş nazirlərin və prezidentlərin burada iştirak etməsi təsadüfi deyil. Bunun əsas səbəblərindən biri regionda yeni siyasi reallıqları formalaşdırmış bir dövlət başçısı ilə təmas qurmaq, bu geosiyasi dəyişikliklərin mərkəzi olan Bakıdan dünyaya baxış formalaşdırmaqdır. Bu səbəbdən Avropa və dünyanın müxtəlif ölkələrindən olan siyasi liderlər məhz burada olmaq, hadisələrin episentrində dayanmaq və mövcud reallıqların müəllifi ilə birbaşa fikir mübadiləsi aparmaq istəyirlər".
Deputatı qeyd edib ki, bu kontekstdə keçirilən Bakı Qlobal Forumu bu dəfə də aktual məsələləri gündəmə gətirib: "Forum müasir çağırışların potensiala çevrilməsi və yeni dünya düzəninin formalaşması mövzularına həsr olunub. Yeni dünya nizamı ilə bağlı müxtəlif fikirlər var və Bakı Qlobal Forumu bu məsələləri müxtəlif rakurslardan dəyərləndirən, mehriban və dostyana müzakirələrin aparıldığı unikal bir platformadır. Forumda ön plana çıxan əsas məsələlərdən biri təhlükəsizlikdir. Prezident ilk növbədə enerji təhlükəsizliyi məsələsinə toxunaraq, Azərbaycanın bu sahədə xüsusi ilə Avropa dövlətlərinin enerji təminatına verdiyi töhfələri vurğulayıb. Eyni zamanda başqa bir məsələdə Avropa İttifaqına yönəlik haqlı tənqidlərini səsləndirib.
Digər mühüm məsələlərdən biri də Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdir. Bu da Prezidentin hüquq və ədalətə əsaslanan siyasətinin təzahürüdür".
R.Nəbiyev vurğulayıb ki, eyni zamanda forumda iqlim dəyişiklikləri ilə bağlı müzakirələr aparılıb: "Məlumdur ki, kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr bu problemdən ciddi şəkildə əziyyət çəkir. Azərbaycan Prezidenti bu sahədə ölkəmizin əldə etdiyi uğurlara əsaslanaraq, bu çağırışların dəf olunması istiqamətində təkliflərini bölüşüb. Həmçinin, multikulturalizm və çoxqütblü dünyanın formalaşması kimi məsələlər də gündəmdə olub. Azərbaycan sadəcə bu məsələlərin müzakirəsinə töhfə vermir, həm də öz konkret mövqeyini ortaya qoyur və diplomatik strategiyası çərçivəsində müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda konkret addımlar atır".
Deputat bildirib ki, Forumda Balkan ölkələrinin, o cümlədən Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovinanın liderləri də iştirak edib: "Azərbaycanın Balkan dövlətləri ilə Xorvatiya, Serbiya və Bosniya-Herseqovina ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətləri mövcuddur. Şimali Makedoniya Prezidenti Bakıda ilk çıxışında Xəzər regionunun, Qafqazın və Asiyanın qlobal gündəmin formalaşmasında oynadığı rolu xüsusi qeyd edib. Cənubi Qafqaz həmişə vahid bir geosiyasi məkan kimi qiymətləndirilib. Lakin Ermənistanın təcavüzü bu vahidliyi siyasi, iqtisadi və hərbi baxımdan pozub. Hazırda yalnız coğrafi vahidlik qalmaqdadır. Bu vahidliyin yenidən siyasi və iqtisadi müstəvidə bərpa edilməsi üçün ciddi səylər göstərilməlidir. Azərbaycan Prezidenti məhz bu strateji hədəfə yönəlmiş siyasət yürüdür. Forumda iştirak edən dövlətlər öz regionları ilə bağlı maraqlı fikirlər bölüşüb. Burada diqqətçəkən məqam odur ki, bir çox ölkələr üçün çağırışlar oxşardır, lakin bu çağırışlara yanaşmalar fərqlidir. Azərbaycan Prezidenti isə uzunmüddətli diplomatik təcrübəsinə əsaslanaraq düşünülmüş strategiya yürüdür. Bunun nəticəsi olaraq, Azərbaycan qarşısındakı təhlükələri dəf edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Bu, təkcə ölkəmiz üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə töhfədir".
"Beynəlxalq sülh və təhlükəsizliyin qorunması adətən BMT Təhlükəsizlik Şurasının öhdəliyində olur, lakin Azərbaycanın öz resurslarına güvənərək bu problemi həll etməsi, suverenliyini bərpa etməsi və bu təcrübəni dünya ilə bölüşməsi beynəlxalq miqyasda böyük maraq doğurur. Azərbaycan bu gün qlobal səviyyədə açıq dialoq aparan, təcrübəsini paylaşan və tərəfdaşlarını yeni çağırışlara qarşı birlikdə mübarizə aparmağa dəvət edən bir ölkə kimi çıxış edir",- deyə Rizvan Nəbiyev qeyd edib.
Xumar Əhmədova
16:30 17.03.2025
Oxunuş sayı: 6133