XII Qlobal Forum sülhün təşviqinə kömək edəcək- RƏY

Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasının əsas göstəricilərindən biri də ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bu cür forumlar Azərbaycanın qlobal proseslərdə aktiv iştirakını və dünya siyasətinə təsir imkanlarını nümayiş etdirir. XII Qlobal Bakı Forumu da məhz bu istiqamətdə mühüm bir platforma olub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu gücləndirib. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasətçilər, alimlər və ekspertlərin iştirakı ilə keçirilən bu tədbir, həm regional, həm də qlobal səviyyədə sülh və əməkdaşlığın təşviqinə xidmət edir.
Forumun əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib: "Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”nə mövzusunda XII Qlobal Bakı Forumu keçirildi. Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. 400-ə yaxın nüfuzlu siyasi xadimin, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlərin iştirak etdiyi tədbirdə dünyanın müxtəlif regionları təmsil olunurdu”.
Deputat, həmçinin qeyd edib ki, 2012-ci ildə təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib: “Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. XII Qlobal Forumun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. İnanırıq ki, əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayan XII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və sülhün təşviqinə töhfə verəcək”.
Ayhan Ağarzayev
15:55 17.03.2025
Oxunuş sayı: 695