"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib

Martın 16-da Bakıda Azərbaycan travmatoloq və ortopedləri üçün "Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib.
Kurs travmatologiya və ortopediyanın atroplastika (oynaq dəyişmə) sahəsinin ən ağır probleminə - irinli fəsadlaşmalara həsr edilib.
Crossmedia.az xəbər verir ki, beynəlxalq kursda paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarından 150 travmatoloq-ortoped və infeksionist iştirak edib.
Kursa sədrliyi ABŞ-ın atroplastika sahəsində dünyaca məşhur Diz və Bud-Çanaq Assosiasiyasının prezidenti, Tomas Jefferson Universitetinin professoru Cavad Pərvizi edib.
Tədbirdə Azərbaycan alimləri ilə bərabər, qardaş Türkiyənin atroplastika sahəsində ən öndəgedən alimləri - professorlar İlkər Çətin (Ankara Universiteti), Bülənt Atilla (Hacəttəpə Universiteti), İbrahim Tuncay və Murad Bozkurd (Acıbadəm Universiteti) müəllim olaraq öz bilik və təcrübələrini azərbaycanlı həkimlərlə bölüşüblər. Çıxışlar zamanı dünyada bu sahə üzrə qeydə alınan yeniliklər, onların tətbiqi yolları haqqında ətraflı məlumat verilib.
Kurs Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin ("AO Trauma") Avropa bölümü və bu qurumun Azərbaycan üzrə sədri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin elmi rəhbəri, professor Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən A.Qəhrəmanov Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinə ayırdığı diqqətin nəticəsi olaraq travmatologiya və ortopediya sahəsinin böyük inkişaf yolu keçdiyini deyib. O, kursun məqsədinin Azərbaycan travmatoloqlarının elmi-nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "AO Trauma" Azərbaycan cəmiyyətinin əsas məqsədi travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün travmatologiya-ortopediya sahəsində elmi və praktiki yenilikləri həkimlərə çatdırmaqdır. Bu, "AO Trauma" Cəmiyyətinin Azərbaycanda təşkil etdiyi sayca doqquzuncu beynəlxalq kursdur.
Kursun sonunda həkimlərə sertifikatlar təqdim edilib.
14:15 16.03.2025
Oxunuş sayı: 559