”Qlobal Bakı Forumu yeni çağırışların imkanlara çevrilməsi baxımdan əlverişli platformadır”- Rəy

"XII Qlobal Bakı Forumu bu dəfə də maraqlı və vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Dünya düzənini təhdid edən problemlərin müzakirəsi və həlli baxımından XII Qlobal Bakı Forumu mühüm platforma hesab olunur".
Bu sözləri Crossmedia.az-a açıqlamasında Bakıda keçirilən XII Qlobal Forum barədə danışan Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, qlobal transformasiyanın ilkin mərhələsində olduğumuz dövrdə müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı Bakıda bir araya gələrək yeni çağırışların imkanlara çevrilməsi yollarını müzakirə etdilər:
"Bu forumun əsas üstünlüklərindən biri də burada yeni ideyaların meydana gəlməsidir. Artıq 12-ci ildir ölkəmizin ev sahibliyi etdiyi Qlobal Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında da vacib rola malikdir.
Qeyd etməliyik ki, forum həm də istər ev sahibi, istərsə də qlobal proseslərin fəal iştirakçısı kimi Azərbaycanın təqdimatıdır. Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı - COP29-un uğurları Bakı Qlobal Forumunda da təqdir olundu. Açılış nitqində Azərbaycan Prezidenti bəyan etdi ki, "Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlirdi. Böyük nailiyyətlərin əldə olunduğu COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir".
Parlamentari söyləyib ki, COP29 iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə olmaqla yanaşı həm də qərəzli dairələrin ifşası ilə yadda qaldı: "Belə ki, dövlət başçımız forum iştirakçılarının diqqətini COP29 ərəfəsində və konfrans zamanı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına da yönəltdi. ABŞ Dövlət Departamenti və Fransa Prezidentinin ofisinin təlimatlarını icra edən qaragüruh çevrələrin boykot kampaniyasının boşa çıxdığı bir daha vurğulandı.
Forumun əsas mövzularından biri - sülh və təhlükəsizliyə gəlincə, iştirakçılar bu məsələ ilə bağlı maraqlı təklif və ideyalar səsləndirdilər. Azərbaycanın isə mövqeyi bundan ibarətdir - Cənubi Qafqazda növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalı və normal qonşuluq şəraitində yaşamağa çalışmalıyıq".
Deputat qeyd edib ki, forum çərçivəsində həmçinin postmünaqişə reallıqları da dünya ictimaiyyətinin diqqətinə çatdırıldı: "“Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər”, “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında aparılan müzakirələrdə xüsusilə
Qarabağda və Şərqi Zəngəzurda inkişafın təmin olunması üçün hazırlanan qayıdış və bərpa-quruculuq planı nümunə kimi qiymətləndirildi. Məqsədyönlü yanaşma sayəsində Azərbaycanın öz hədəflərinə çatacağına və bu təcrübə ilə bütün dünya üçün nümunə olacağına əminlik ifadə olundu.
Təsadüfi deyil ki, əksər dövlətlər beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından təcrübəsinə istinad edir. Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə dünyanın müxtəlif dövlətlərindən artan sayda liderlərin, fərqli fikir daşıyan insanların birləşməsi üçün çox neytral dialoq mühiti yaradıb. Hər il keçirilən ənənəvi Qlobal Bakı Forumu bu dəfə də rəylərin şaxələndirilməsi ilə seçildi, o cümlədən rasional arqumentlərin irəli sürülməsi ilə yadda qaldı".
Kənan Novruzov
19:03 15.03.2025
Oxunuş sayı: 1126