Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh əlçatandır"

BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının mümkün və əlçatan olduğunu bildirib. O, iki ölkə arasında sərhədlərin demarkasiyası ilə bağlı ilk dövlətlərarası hüquqi razılaşmanın imzalandığını vurğulayıb.
Paşinyan çıxışında qeyd edib ki, bu razılaşma çərçivəsində tərəflər 1991-ci il Almatı Bəyannaməsini sərhədlərin müəyyən olunmasının əsas prinsipi kimi qəbul ediblər. Bu isə onun sözlərinə görə, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını və aralarında ərazi iddialarının olmadığını təsdiqləyir.
Baş nazir əlavə edib ki, sülh sazişinin şərtlərinin ən azı 80%-i artıq razılaşdırılıb və bu tarixi fürsətdən istifadə edərək razılaşdırılmış məqamlar üzrə saziş imzalanmalıdır. O, sülh müqaviləsinin tərəflərin daxili işlərinə qarışmamaq və güc tətbiqini qadağan etmək kimi vacib müddəaları ehtiva etdiyini bildirib.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan Konstitusiyasında sülh sazişinin imzalanmasına mane olan heç bir müddəa yoxdur.
Crossmedia.az xəbər verir ki, Baş nazir Ermənistanın “Sülh qovşağı” layihəsinin regionda nəqliyyat yollarının açılmasını və boru kəmərləri ilə kabel xətlərinin çəkilməsini hədəflədiyini qeyd edib. O, Ermənistanın həm Azərbaycan, həm Türkiyə, həm də digər qonşular üçün yolları açmağa hazır olduğunu bildirib.
Sonda Paşinyan sülhün hər iki xalq üçün əsas prioritet olması gərəkdiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanmasının dağıdıcı amillərin azaldılmasına və müsbət dəyişikliklərə nail olunmasına töhfə verəcəyini bildirib.
Zeynəb Yunuszadə
19:07 13.03.2025
Oxunuş sayı: 481