NATO ABŞ-nin Kölgəsində – Avropanın hərbi hazırlığı sınaqdan keçir

ABŞ-ın Qeyri-Müəyyənliyi Fonunda NATO-nun Avropadakı Hərbi Hazırlığı Sınaqdan Keçirilir
The Wall Street Journal (WSJ) nəşrinin məlumatına görə, ABŞ-ın iştirakı olmadan NATO-nun Avropadakı çevik reaksiya qüvvələri Ukrayna sərhədi yaxınlığında hərbi təlimlər keçirib. 10 min NATO əsgərinin iştirak etdiyi təlimlərdə Avropa ordusunun hava hücumundan müdafiə, kəşfiyyat və logistika imkanlarının ABŞ-dan asılı olduğu bir daha ortaya çıxıb.
ABŞ dəstəyi olmadan NATO-nun boşluqları aşkar olunur
ABŞ NATO qüvvələrinə həyati vacib kəşfiyyat, müşahidə, nəqliyyat və komandanlıq-nəzarət sistemləri təqdim edir. Bu imkanların olmaması Avropanın hərbi hazırlığının zəif cəhətlərini üzə çıxarır. Ən kritik məqam isə Rusiyanın hava hücumlarına qarşı Avropanın yetərli müdafiə sisteminə malik olmamasıdır.
NATO-nun baş katibi Mark Rutte Avropanın müdafiə sənayesinin yavaş və parçalanmış olduğunu bildirib. Avropa ölkələri ABŞ olmadan vahid hərbi komandanlığa malik deyil. Bu səbəbdən Vaşinqtonun dəstəyi azalarsa, Avropa ölkələri öz hərbi strategiyalarını gücləndirmək üçün ciddi investisiyalar qoymalı olacaq.
Hazırda NATO-nun Avropadakı ordusu:
5000 tank, 2800-dən çox özüyeriyən artilleriya sistemi, 2000-ə yaxın döyüş təyyarəsi var.
Bununla yanaşı, NATO üzvü Avropa ölkələri 2030-cu ilə qədər 500-dən çox F-35 döyüş təyyarəsinə sahib olmağı planlaşdırır.
Rusiya ordusunun isə:
3000 tankı, 1000-ə yaxın döyüş təyyarəsi var.
IISS analitiklərinin məlumatına görə, Rusiya hərbi hava qüvvələri müharibədə hər beş təyyarədən birini itirib.
Avropa ölkələri Ukraynaya hərbi texnika göndərməklə öz arsenallarını zəiflədib və onları bərpa etməkdə çətinlik çəkir.
Hazırda NATO üzvü ölkələr yeni strategiyalar hazırlayaraq hərbi sənayeni gücləndirmək yollarını araşdırır.
11:27 13.03.2025
Oxunuş sayı: 1225