4 Avropa ölkəsindən Qəzza planına dəstək!

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Ərəb Liqasının Misirin paytaxtı Qahirədə keçirilən Fövqəladə Zirvə toplantısında qəbul edilən “Qəzza planı”nı dəstəklədiklərini açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkələrin xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, planın Qəzzanın yenidən qurulması üçün real yol müəyyən etdiyini və həyata keçiriləcəyi təqdirdə fələstinlilərin həyat şəraitini yaxşılaşdıracağını bildiriblər.
Martın 4-də keçirilən sammitdə Misir, fələstinliləri öz torpaqlarından köçürmədən Qəzza zolağının yenidən qurulması planını təqdim edib və Ərəb Liqasının üzv ölkələri bu təşəbbüsü qəbul ediblər. Plana əsasən, Qəzzanın yenidən qurulması üçün 53 milyard dollar tələb olunur.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında Qəzza ilə bağlı fərqli mövqe sərgiləyib. Tramp, ABŞ-nin Qəzzaya nəzarət edəcəyini və fələstinlilərin oranı tərk etməli olduğunu iddia edərək, qonşu ölkələrdə yeni qəsəbələr inşa ediləcəyini vurğulayıb.
O, Ərəb Liqasının qəbul etdiyi “Qəzza planı”nı isə rədd etdiyini bəyan edib.
18:12 08.03.2025
Oxunuş sayı: 3246