Avropa Parlamenti qrantları yoxlayacaq

Avropa Parlamenti (AP) Büdcə Nəzarəti Komitəsi, Avropa Komissiyasının (AK) qeyri-hökumət təşkilatları (QHT) ilə bağladığı ümumilikdə 58,2 milyon avro dəyərində qrant müqavilələrini araşdırmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri deputatların büdcə, dələduzluqla mübarizə və dövlət idarəçiliyi üzrə Avropa komissarı Petru Serafinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Araşdırmanın 2019-2024-cü illər arasında bağlanmış 28 müqaviləni əhatə edəcəyi bildirilir. Bu müqavilələr müxtəlif insan hüquqları və ekoloji QHT-lərlə yanaşı, Shell (Böyük Britaniya) və Volkswagen (Almaniya) kimi iri biznes qrupları ilə də imzalanıb.
Qeyd edək ki, mübahisəli hesab edilən bir sıra razılaşmalar, əsasən, mühacirlərin inteqrasiyası, insan haqları, bərabərlik və vətəndaşlıq sahəsindəki layihələrə aiddir. Həmçinin, qaraçı, yəhudi və miqrant icmalarına qarşı təhqiredici ifadələrlə mübarizə kimi mövzular da bu müqavilələrin tərkib hissəsidir. Parlament üzvləri bəzi müqavilələrin sol siyasi qüvvələr tərəfindən lobbiləşdirildiyini iddia edirlər.
Fatimə Məmmədova
13:33 07.03.2025
Oxunuş sayı: 1149