Beynəlxalq jurnalistikada süni intellektin rolu

Müasir texnologiyaların sürətlə inkişaf etməsi jurnalistika sahəsində də köklü dəyişikliklərə səbəb olub. Xüsusilə, süni intellektin (Sİ) beynəlxalq jurnalistikada istifadəsi informasiya istehsalı, yayımı və istehlakı prosesini yeni bir mərhələyə daşıyıb. Media sahəsində texnoloji inqilab jurnalistikanın gələcəyini köklü şəkildə dəyişməkdədir. Süni intellekt, rəqəmsallaşma, böyük data analitikası və digər texnologiyalar jurnalistikanın ənənəvi üsullarını yenidən formalaşdırır.
Müasir günümüzdə süni intellekt beynəlxalq jurnalistikada bir çox sahədə istifadə olunur. Xəbər agentlikləri avtomatlaşdırılmış sistemlərdən istifadə edərək maliyyə, idman və hava proqnozu kimi sahələrdə qısa zamanda məqalələr həzirlayırlar. Məsələn, Associated Press (AP) və Bloomberg kimi nüfuzlu media qurumları süni intellekt vasitəsilə avtomatik xəbər yazan sistemlərdən istifadə edir.
Bundan başqa, fakt-yoxlama və dezinformasiyanın aşkarlanması süni intellektin vacib funksiyalarından biridir. Müsir media məkanında dezinformasiyanın yayılma sürətinin artması jurnalistikanı ciddi çağırışlarla qarşı-qarşıya qoyub. Google Fact Check Tools və digər fakt-yoxlama alətləri süni intellekt vasitəsilə yalnış informasiyaların mənbəsini araşdırır və oxuculara etibarlı məlumat təqdim etməyə kömək edir.
Süni intellektin beynəlxalq jurnalistikadakı rolu sadəcə kontent istehsalı ilə məhdudlaşmır. O, eyni zamanda media monitorinqini effektiv şəkildə həyata keçirməyə imkan yarıdır. Jurnalistlər süni intellekt alətlərindən istifadə edərək ictimai rəyi analiz edir, sosial medianı izləyir və qlobal hadisələrin gedişatını öncədən proqnozlaşdıra bilirlər.
Süni intellekt həm də auditoriyanın maraqlarına görə fərdiləşdirilmiş xəbər yayımına imkan yaradan alqoritmlərlə təchiz olunub. Google News və Apple News kimi platformalar oxucuların xəbər oxuma və axtarış vərənlərinə əsaslanaraq onlar üçün ən aktual və maraqlı xəbərləri sərgi edir.
Buna baxmayaraq, süni intellektin jurnalistikada istifadəsi bir sıra etik və praktiki problemlər yarada bilir. Onlardan biri obyektivlik məsələsidir. Süni intellekt alqoritmləri insan tərəfindən proqramlaşdırıldığı üçün onlar da qərəzli ola bilər və bəzi informasiyaları şüurlu şəkildə səhv analiz edə bilər. Bu isə informasiya manipulyasiyaları üçün geniş imkanlar yaradır.
Bundan başqa, jurnalistikanın əsas özəlliklərindən biri olan araşdırma və tənqidi düşüncə süni intellekt tərəfindən tam icra edilə bilmir. Süni intellekt məlumatları sıralaya və əmələgətirə bilsə də, orijinal araşdırmalar aparmaq, jurnalist etikasi çərçivəsində obyektiv yanaşma təmin etmək kimi əsas bacarıqlara sahib deyil.
Şübhəsiz ki, bu dəyişikliyə uyğunlaşmaq və jurnalistikanın davamlılığını təmin etmək üçün həm fərdi jurnalistlər, həm də media quruluşları yeni yanaşmaları qəbul etməlidirlər. Bu gün VR (Virtual Reality) və AR (Augmented Reality) texnologiyaları istifadəçilərə hadisələri "yerindəcə" yaşamaq imkanı verir, immersiv jurnalistikanı inkişaf etdirir. İstəsək də, istəməsək də sosial media jurnalistikada həm mənbə, həm də platforma kimi çıxış edir. Əsas xəbər hadisələri tez-tez sosial mediada başlayır. Jurnalistlər mürəkkəb sosial, iqtisadi və siyasi problemləri anlamaq üçün böyük data bazalarını analiz edirlər, məlumatların daha aydın çatdırılması üçün interaktiv qrafiklərdən və vizual elementlərdən yararlanırlar. Təbii ki, bütün bu dəyişikliklərə hazır olmaq çox önəmlidir.
Jurnalistlər süni intellekt alətlərindən, məlumat analitikası proqramlarından və avtomatlaşdırma texnologiyalarından istifadə etməyi öyrənməlidirlər. Media təşkilatları texnoloji startaplarla əməkdaşlıq qurmalı, innovativ alətləri öz iş axınlarına inteqrasiya etməlidirlər. Bir də təbii ki, davamlı təhsil. Jurnalistlər üçün texnoloji yeniliklərə dair davamlı təhsil proqramları təşkil olunmalıdır. Bu proqramlar həm akademik qurumlar, həm də media təşkilatları tərəfindən dəstəklənə bilər. Nəzərə almaq lazımdır ki, mediada texnoloji yeniliklər jurnalistləri monoton işlərdən azad edərək, daha yaradıcı və dərin analitik işlərə fokuslanmağa imkan verəcək. Eyni zamanda, jurnalistikanın həqiqəti axtarmaq və cəmiyyətə təsir göstərmək mahiyyəti dəyişməyəcək. Bu səbəbdən, yeni texnologiyalara uyğunlaşmaqla yanaşı, ənənəvi jurnalistikanın əsas prinsipləri də qorunmalıdır.
Süni intellekt beynəlxalq jurnalistikanı dəyişdirir və daha səmərəli, sürətli xəbər yayımına imkan yarıdır. Lakin bu texnologiyanın etik istifadəsi və insan jurnalistlərin rolu mühüm olaraq qalır. Gələcəkdə jurnalistika sahəsində süni intellekt və insan əməyi bir-birini tamamlayan ünsürlər olaraq varlıqlarını qoruyacaqlar. Jurnalistikanın mahiyyəti tənqidi düşüncə və etik prinsiplər üzərində qurulduğu üçün süni intellekt insan jurnalistləri tam əvəz etmək əvəzinə, onların işini asanlaşdıran bir vasitə olaraq qalacaq.
Vüqar Zifəroğlu
BDU, Jurnalistika fakültəsinin dekanı
Mətbuat Şurasının sədr müavini
18:03 05.03.2025
Oxunuş sayı: 3543
