14-cü “Mobillik Qrantı” müsabiqəsi

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 14-cü “Mobillik qrantı” müsabiqəsini elan edir.Bu barədə Crossmedia.az-a Azərbaycan Elm Fondundan bildirilib.
Qeyd edək ki Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Müsabiqədə iştirak etmək üçün layihələr 05 mart – 04 aprel 2025-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin aprel-may aylarında açıqlanması planlaşdırılır.
Layihələrin növləri:
- QMTK - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi;
Azərbaycan Elm Fondu 1 (bir) ayadək olan təcrübəkeçmə proqramlarını dəstəkləyir və təcrübəkeçmə ilə bağlı şərtlərdən asılı olaraq (təcrübəkeçmənin baş tutacağı təşkilatla bağlı xərclər Fond tərəfindən ödənilmir) qismən maliyyələşdirilmə də baş tuta bilər.
- XETİ - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi.
11:09 05.03.2025
Oxunuş sayı: 3119