Od çərşənbəsi - bahara açılan qapı…

Novruz özündə 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbələrini birləşdirir. Çərşənbələrdən ikincisi xalq arasında “üskü (tonqal)” və ya “ocaq çərşənbəsi” deyilən od çərşəbəsidir.
Od Çərşənbəsi – suyun dincliyindən sonra gələn hərarətlə qışın sərin nəfəsindən qurtuluş, bahara açılan qapıdır. Bu çərşənbədə od yandırıb-yaxan məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir... İnanclara görə, tonqal üzərindən atlamaq insanın canını və ruhunu arındırır, yeni başlanğıclar üçün enerji verir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Od sanki hər ağırını, kədəri qovur.
Bu çərşənbə həm də qədim insanların Günəşə və oda olan inamı ilə bağlıdır. Belə ki, insanlar hər zaman oda ehtiyac duyublar və odun kəşfi həyatlarını asanlaşdıran ən mühüm faktorlardan biri olub. Təsadüfü deyil ki, insanlar odun kəşfindən sonra yemək bişirmək, isinmək və yırtıcılardan qorunmaq üçün odu istifadə etməyə başlayıb. Odun kəşfi insanların yaşayış şəraitini yaxşılaşdırıb və həmçinin təbii ehtiyaclarını ödəmələrinə kömək edib. Mifoloji rəvayətlərdə də odun tanrılar tərəfindən insanlara verildiyi və onların həyatını asanlaşdırmaq üçün yaradıldığı qeyd olunur. Bu rəvayətlərdə od təmizləyici və qoruyucu qüvvə kimi təsvir olunur.
Qədim zamanlarda insanlar nəyə daha çox ehtiyac hiss ediblərsə və ya nədən təsirləniblərsə, onu müqəddəs hesab edərək inanclar və mərasimlər yaradıb.
Günəşə, oda və atəşə olan inamda elə burdan yaranıb. Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə və oda olan müqəddəs inamını əks etdirir. Qədimdən bəri insanlar odu qoruyub və oda hörmət ediblər.
Bu, “Kitabi Dədə Qorqud” dastanında da aydın şəkildə görülür. Dastanda məhz Dədə Qorqudun Oğuz igidlərinə bu cür müraciət etməsi heç də təsadüfü deyil:
“– Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq.
Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz.
...Qalx uca dağın başına, üç tonqal qala”.
Rəmzi mənada 3 tonqal qələbə simvoludur.
Belə ki, əvvəllər bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı.
Qədim zamanlardan yaranan və bu günə qədər çatmış odla bağlı inanclar, atalar sözləri, tapmacalar, alqışlar, qarğışlar var:
Odla bağlı atalar sözləri:
Od olmayan yerdən tüstü çıxmaz.
Od qaldığı yerdə qalar.
Oda düşən saman alışar.
Od kürüyənin öz əlinə yapışar.
Od yaxan od tapar.
Od nə qədər gizlənsə də, tüstüsü aşkar olar.
Od görməyən dəmir bərk olmaz.
Od gələnin közünə bax.
Od yandıranın əlində qalmaz.
Odla oynamazlar.
Odla bağlı inanclar:
Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyərlər.
Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyərlər.
Ocaq sönməyən yerdə məskən salarlar.
Çərşənbədə ocağı boş qoymazlar.
Odla bağlı alqışlar:
Ocağın odlu, qazanın qaynar olsun.
Ocağınız odlu, eviniz nurlu olsun.
Ağrın, acın odda yansın.
Ocağın bərəkətli olsun.
Ocağın sönməsin.
Hər zaman ocağınız odlu, eviniz nurlu olsun. Od çərşənbəniz mübarək!
Nəzrin Salmanova
09:14 04.03.2025
Oxunuş sayı: 659