CROSSMEDIA - Dünyanın təhlükəsizlik sistemi dəyişir: Yeni nizam yaranır
Amerika

Dünyanın təhlükəsizlik sistemi dəyişir: Yeni nizam yaranır

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir.

Bunu ABŞ lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib. Bu, Trampın Florida ştatının Vest-Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ Prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” - Tramp cavab verib.

O, məsələ ilə bağlı əlavə şərh verməyib.

Mümkün görüşlə bağlı Crossmedia.az-a danışan politoloq  Oqtay Qasımov hesab edir ki, bu görüşün baş tutması real görünmür. Onun sözlərinə görə, tərəflər hələ ilkin mərhələdədirlər və bir çox məsələ həll olunmadan liderlərin bir araya gəlməsi mümkün deyil: "Adətən, dövlət başçıları detalları deyil, komandalarının razılaşdırdığı məsələləri müzakirə edirlər. Buna görə də, hazırkı vəziyyətdə belə bir görüşün keçirilməsi ehtimalı azdır".

O, liderlərin Azərbaycanda görüşmə ehtimalına da toxunub: "Düşünmürəm ki, Azərbaycan  alternativlər arasında olsun. Bu məsələdə əsas təşəbbüs ABŞ tərəfindən irəli sürülür. Trampın favorit ölkələrindən biri Səudiyyə Ərəbistanıdır. Çünki Səudiyyə Ərəbistanı Rusiya- Ukrayna- müharibəsində mümkün qədər bitərəf mövqe tutub və tərəflərlə münasibətini qoruyub. Bu dövlət ABŞ-nin ən yaxın müttəfiqlərindən biri hesab olunur.

Üstəlik, qlobal neft bazarında əsas oyunçulardan biridir və hər iki tərəflə iqtisadi əlaqələri var".

Müsahibimiz  qeyd edib ki, bu görüş əvvəlki danışıqların davamı olacaq: "Dünya  yeni mərhələyə qədəm qoyur. Ukrayna müharibəsinə görə qarşı-qarşıya gələn tərəflər – ABŞ və Aİ arasında müəyyən fikir ayrılıqları yaranıb.  ABŞ-ın son addımları nəticəsində Avropanın maraqları arxa plana  atıldı. ABŞ faktiki olaraq Rusiyanın işğal etdiyi ərazilərdə nəzarətini saxlamaq tələbinə etiraz etmir. Digər tərəfdən, Vaşinqton Ukraynanın NATO-ya üzv olmaması məsələsinə yaşıl işıq yandırıb və Ukraynada seçkilərin keçirilməsini dəstəkləyib. Bundan əlavə, ABŞ Ukraynaya etdiyi yardımların əvəzinin ödənilməsini tələb edib. Söhbət 500 milyard dollarlıq yeraltı sərvətlərin işlənməsindən gedir.

Trampın açıqlamalarında ABŞ-ın Ukraynaya 350 milyard dollarlıq yardım etdiyi və qarşılığında 500 milyard dollarlıq mədən ehtiyatlarının işlənməsini tələb etdiyi bildirilib. Ancaq Ukraynanın zəngin metal yataqlarının əksəriyyətinin Rusiya tərəfindən işğal olunduğunu nəzərə alsaq, bu məsələdə ABŞ və Rusiya arasında hansı anlaşmaların olduğu sual doğurur.

Rusiya tərəfi də Ukraynanın ABŞ-la iqtisadi inteqrasiyasına etiraz etmədiyini, lakin NATO və təhlükəsizlik sahəsində əməkdaşlığa qarşı çıxdığını bəyan edib. Bunun əvəzində isə Rusiya, ABŞ şirkətlərinin öz bazarına geri dönməsi üçün 300 milyard dollarlıq qazanc əldə edə biləcəkləri təklifini irəli sürüb.

Digər mühüm məsələ Arktikadakı yeraltı sərvətlərin işlənməsi və onlardan birgə istifadə edilməsidir. Rusiya bu istiqamətdə ABŞ-a müəyyən təkliflər verib ki, bu da Vaşinqton üçün maraqlı görünə bilər".

Politoloq vurğulayıb ki, ABŞ-ın ilkin planı Rusiyanın bəzi tələblərini qəbul edərək onu neytrallaşdırmaq və gələcəkdə neytral mövqedə saxlamağa yönəlib: "Eyni zamanda, ABŞ dünyanın müxtəlif bölgələrində öz maraqlarını təmin etməyə çalışır. Əgər danışıqlar bu istiqamətdə davam edərsə, son 80 ildə ABŞ tərəfindən qurulan təhlükəsizlik sisteminin çökə biləcəyi və dünyanın yeni bir nizama doğru gedəcəyi ehtimal edilir".


Məhəmməd Vəliyev

17:28 19.02.2025

Oxunuş sayı: 1828

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR