"Qadınlarda ali təhsilə maraq artıb"- Ekspert

Ali təhsil müəssəsinə qəbul olan qadınların sayı olduqca artıb.
Təhsil naziri Emin Əmirullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı qeyd edib ki, PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən demək olar ki, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların nəticələri daha yüksəkdir, lakin sonrakı yaşlarda isə təhsil göstəriciləri azalır.
Bəs qadınların təhsil almasına mane olan hansı nüanslar var? Bu nüansların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az saytına açıqlama verib:
“Qadınların təhsil səviyyəsinin artırılması cəmiyyətin inkişafına, əlbəttə ki, müsbət təsir göstərir. Təhsil alan hər bir qız gələcəyin anasıdır. Nəzərə alsaq ki, bir ananın övladına erkən yaşda müvafiq olaraq təhsil verməsi, müəyyən bilik və bacarıqları ona aşılaması həmin övladın da gələcək baxımından elmə təhsilə yönəlməsi deməkdir. Əlbəttə ki, belə olduğu halda biz daha elmli, intellektual səviyyəsi yüksək olan cəmiyyətlə qarşılaşa bilərik. Son dövrlər respublikanın müxtəlif ərazilərində erkən yaşda nikaha cəlb olunma, o cümlədən tam 11 illik təhsili başa vurmadan 9-cu sinifdən fərqli istiqamətə yönləndirmə və yaxud 9-cu sinifdən qızların məktəbdən çıxarılaraq ümumiyyətlə təhsilinə qarşı çıxmaq kimi hallar bəzi bölgələrimizdə var. Bunun qarşısını almaq üçün müvafiq qurumlar vasitəsilə çağırışlar etməliyik".
Ekspert bildirib ki, ali təhsilə marağı artırmaq üçün güclü və düzgün təbliğat aparmalıyıq: "Son dövrlər qadınların təhsil almasında və ali təhsilə yönəlməsində say baxımından da olduqca artım var. Məsələn əvvəl 55 min nəfər qəbul olanda onlardan təxminən 30% i qadın idisə, indi bu hədd 40% in üzərindədir. Bu da onu deməyə əsas verir ki, qadınlarda ali təhsilə maraq artıb. Bu marağı daha da artırmaq üçün həm Elm və Təhsil nazirliyi həm də nazirliyə tabe təhsil qurumlarının üstünə təbliğatla bağlı işlər düşür”.
Ayhan Ağarzayev
15:53 10.02.2025
Oxunuş sayı: 5643