Misir Trampın planına alternativ axtarır- Ekspert

Donald Trampın Qəzzalıları köçürmək haqqında bəyanatından sonra Misirdə ciddi narahatçılıq yaranıb. Misir prezidenti Əbdül Fəttah əs-Sisinin çox nəzakətli formada rəsmi Vaşinqtona etirazını bildirməsinə baxmayaraq, Trampın onu eşidəcəyinə ümid azdır. Çünki ABŞ-nin ikinci dəfə seçilmiş prezidenti irəli sürdüyü ideyanı sona qədər təqib etməyincə dayanan deyil.
Bu barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimovun sözlərinə görə, Trampın öz ideyasından əl çəkəcəyini heç kim gözləmir: “Digər tərəfdən Misir Trampın təklifinə qarşı çıxması nə ilə nəticələnəcəyindən də xəbəri var. Trampın bu qədər Ərəb ölkələri içində İordaniya və Misirə işarə etməsi heç də əbəs deyil. Çünki bu iki ərəb dövləti bu gün ayaqda qala bildikləri üçün ABŞ-yə borcludurlar. Ağ ev uzun müddət davamlı olaraq onlara yardım göstərməklə bu gün üçün zəmin hazırlayıb”.
Ekspert qeyd edib ki, Misir Trampın heç də uyğun olmayan bu təklifindən boyun qaçırmaq üçün yollar axtarır: “Qahirənin Qəzza zolağının köçürülməsinə qarşı ABŞ-a öz alternativini təklifini irəli sürmək niyyətində olması barədə Qərb və Ərəb KİV-i məlumat verir. Eyni zamanda Misir xəbərdarlıq edib ki, qaçqınların ölkədən getməsi İsraillə sülh müqaviləsinə xələl gətirəcək. Misir Sinay yarımadasını yəhudi dövləti ilə yeni müharibənin tramplininə çevirə biləcək Həmas üzvlərinin öz ərazisinə nüfuz etməsindən qorxur. Bəs Misirin alternativ təklifi nədən ibarətdir? Bu barədə ətraflı məlumat olmasa da Misirin planında Qəzzalıların tamamilə köçürülməsi deyil, oranın hissə-hissə təmir edilib əhalinin ixtiyarına verilməsi nəzərdə tutulur. Amma bu Trampın planı ilə uyğun gəlirmi? Təbii ki, yox. Tramp Qəzzada fələstinlilərdən boşaldılmış bir ərazi və ya istirahət zonası yaratmaq istəyir. Elə isə Misirin alternativ planının qəbul ediləcəyinə ümid çox azdır”.
Kənan Novruzov
22:57 08.02.2025
Oxunuş sayı: 9259