CROSSMEDIA - Mənim ən böyük üç arzumu Prezidentimiz həyata keçirdi - Polad Bülbüloğlu
Mədəniyyət

Mənim ən böyük üç arzumu Prezidentimiz həyata keçirdi - Polad Bülbüloğlu

  • Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi.

  • Bu sözləri görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlu 80 illik yubileyi münasibətilə Moskvada təşkil olunmuş konserti ərəfəsində jurnalistlərə müsahibəsində deyib.

  • “Təbii ki, çox həyəcanlıyam. Neçə ildən sonra Rusiyanın əsas konsert zalında, Kreml sarayında solo konsert vermək məncə çox vacibdir, önəmlidir. Bilirsiz ki, müxtəlif hadisələr baş verib. Amma hesab edirəm ki, bu, mədəniyyətə aid deyil. Hər halda mədəniyyət hər zaman öz sözünü deyib. İki ölkə arasında mədəni əlaqələr olub, bu gün də var və bundan sonra da olacaq və olmalıdır”, - deyə o bildirib.

  • P.Bülbüloğlu Rusiyada Azərbaycan musiqisinə böyük maraq olduğunu vurğulayıb. “Bilirsiniz ki, bu zalda 6 min nəfərlik yer var. Əvvəl bir az tərəddüd edirdim ki, görəsən, adamlar gələcək, ya yox, biletlər satılacaqmı? Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Rusiyanın ayrı-ayrı şəhərlərindən bugünki konsertə gəliblər. Çox şadam ki, Azərbaycan musiqisinə, mədəniyyətinə belə bir maraq var”, - sənətkar vurğulayıb.

  • Bəstəkar və müğənni 80 yaşında ən böyük arzularının həyata keçdiyini də vurğulayıb: “Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Birincisi, Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum isə Xarıbülbül festivalının yenidən canlanması olub. Bir də güllələnmiş abidələrin Şuşaya, aid olduqları yerə qaytarılmasını diləyirdim. Mənim üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də, özümü xoşbəxt adam sayıram ki, bu günləri görmüşəm”.

  • Polad Bülbüloğlunu təbrik edən dostları bu konsertin musiqi və mədəniyyət baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar Polad Bülbüloğlunun sənətdə və mədəniyyətdə oynadığı əvəzolunmaz roldan, onun musiqisinin müxtəlif nəsillərə təsirindən danışıblar.

  • Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli Polad Bülbüloğlunun yubiley konsertinin böyük zövqlə təşkil olunduğunu vurğulayıb: “Bu konsert çox böyük diqqət mərkəzindədir. Moskvadakı dostlarımız, sənət adamları bugünkü konserti “tarixi konsert” adlandırırlar. Konsert çox böyük zövqlə təşkil olunub”.

  • Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun musiqisi ilə neçə-neçə nəsillərin böyüyüdüyünü bildirb: “Bu musiqi ilə tərbiyə almışıq, çünki Polad Bülbüloğıu sənətinin təbliğ etdiyi dəyərlər əvəzolunmazdır. Ona görə də, Polad Bülbüloğlunun bu gün Moskvada keçirilən yubiley konsertində iştirak etmək, konsertdə onun mahnısını ifa etmək mənim üçün böyük şərəfdir”. Xalq artisti Elçin Əzizov Polad Bülbüloğlunu özü üçün örnək hesab etdiyini vurğulayıb: “Çox xoşbəxtəm ki, Polad Bülbüloğlu ilə eyni səhnəni bölüşəcək, onun bəstələdiyi mahnını ifa edəcəyəm. Bu mahnı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi üçün yazılıb və həmin mahnını ifa etmək mənim üçün ayrıca bir böyük şərəfdir”.

  • Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Polad Bülbüloğlunu özünün yaxın dostu adlandırıb. “Polad Bülbüloğlu adı təkcə Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün dəyərlidir. Çünki Polad bütün respublikalarda sevilib, onun musiqisi və mahnıları bizim ortaq tariximizin bir parçasına çevrilib. Ancaq mən bu gün Polad haqqında bir dost kimi danışmaq istəyirəm. Elə bir şey var ki, onu ölçmək mümkün deyil – bu, dostluqdur. Mən düşünürəm ki, əgər dostluğu ölçmək mümkün olsaydı, onun meyarı Polad olardı. “Polad” sözü təkcə bir ad deyil, əsl dostluğun, sədaqətin və xalqlarımızın sarsılmaz birliyinin simvoludur”.

  • Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan incəsənətinin parlaq nümayəndəsidir. “Polad böyük musiqi mədəniyyətinin cazibə mərkəzi idi. Polad Bülbüloğlu hər zaman möhtəşəm müğənni olub, bu gün də elədir”.

  • Xalq artisti Dinara Əliyeva Polad Bülbüloğlu kimi şəxsiyyətlərin yüz ildə bir dəfə dünyaya gəldiyini bildirib: “O, mədəniyyət və incəsənət sahəsində silinməz iz qoyub, Azərbaycan-Rusiya münadibətlərinin inkişafına böyük töhfələr verib. Biz onu çox sevirik. Mən çox şadam ki, biz onun 80 illik yubileyini qeyd edirik. Polad müəllimə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və ilham arzulayıram”. (azertac)

12:46 31.01.2025

Oxunuş sayı: 731

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR