Tramp verdiyi vədlərə xəyanət edir
ABŞ-nin prezidenti Donald Tramp açıqlamalarında qeyd etmişdi ki, prezident seçiləcəyi təqdirdə dünyadakı münaqişə ocaqlarını söndürəcək. Lakin prezident seçildikdən bir az sonra verdiyi fərman bu dediklərini şübhə altına alır.
D.Tramp Biden administrasiyasının İsrailə qarşı qəbul edilən bütün fərmanlarını ləğv edib.
Bu addım, İsrail-ABŞ arasında yeni müttəfiqlik münasibətlərindən xəbər verirmi? Baş verənlər İsrail-Fələstin münaqişəsinin bitməsinə nə dərəcədə mane olacaq?
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az saytına açıqlama verib:
"Tramp ilk prezidentliyi dövründə 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bununla da ABŞ tarixində heç bir prezidentin atmadığı kəskin bir addım atıb. Bu Yaxın Şərqdə münaqişənin alovlandırılması və barışığa gedən yolun bağlanması deməkdir. İsrailin indiki dağıdıcı hərəkətləri öz ilham mənbəyini məhz buradan götürür. Göründüyü kimi Tramp İsrailin müdafiəsi üçün lazım olduğundan da artıq iş görüb. Ötən ilin payızında Tramp ABŞ-a səfər etmiş Netanyahunun əlini sıxmamaqla ədalətə və sülhə böyük ümidlər yaratmışdı. Lakin prezidentliyinin ilk günündə bu ümidlərin üzərindən xətt çəkdi. Trampın İsraili haqsız yerə dəstəkləməsi regionda münaqişəni alovlandıracaq və bu da ona olan ictimai inamı sarsıdacaq".
Mütəllim Rəhimli ABŞ-İsrail müttəfiqliyindən danışıb:
"Trampın bu addımı ilk növbədə onun seçkiqabağı verdiyi vədlərə xəyanət etməsidir. Çox güman ki, Amerika ictimaiyyəti bunu Trampdan soruşacaq. Bunun üçün isə hələ zamana ehtiyac var. Təbii ki, bu addım ABŞ-İsrail müttəfiqliyindən daha çox Tramp-İsrail müttəfiqliyindən xəbər verir".
Politoloq Trampın addımlarının ziddiyətli olduğunu deyib:
"Seçki prosesinin mahiyyəti elədir ki, şişirdilmiş vədlər olmalıdır. Ancaq bu vədlər mahiyyətə əhəmiyyətli təsir edə bilməz. Trampın İsrailə qarşı son jestləri vədləri ilə daban-dabana ziddiyyət təşkil edir. Lakin o unutmamalıdır ki, Amerika xalqı ona səs verəndə əsas niyyəti müharibələrin dayandırılması olub".
Ayhan Ağarzayev
18:07 22.01.2025
Oxunuş sayı: 646