“Titanik” faciəsinin şahidinə məxsus brilyant üzük hərraca çıxarılıb
“Titanik” faciəsindən sağ çıxan britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərracda 145 min dollara satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Henry Aldridge & Son” hərrac evindən məlumat verilib.
Məlumata görə, üzük 110 min funt sterlinqə (145 min dollar) alıcı tapıb. Zinət əşyasının modelyerə nişan hədiyyəsi olaraq verildiyi ehtimal olunur. Üzük uzun illər Daff-Qordon ailəsində qorunub və nəsildən-nəslə ötürülüb.
Hərracda üzüyü alan şəxsə onun mənşəyini təsdiqləyən məktub və Birmingem Əyar Palatası tərəfindən verilmiş brilyant sertifikatı da təqdim olunub.
Bundan əlavə, hərracda Londonun “Asprey” şirkətinə məxsus siqaret qabı 24 min funt sterlinqə (31 min dollar) satılıb. Bu əşya Lüsi Daff-Qordon və həyat yoldaşı tərəfindən “Titanik”in qəzaya uğramasından sonra onları xilas edən “Karpatia” gəmisinin xəzinədarı Ernest Brauna təşəkkür əlaməti olaraq hədiyyə edilmişdi.
Qeyd edək ki, Lüsi Daff-Qordon (1863–1935) XIX əsrin sonu – XX əsrin əvvəllərinin tanınmış britaniyalı modelyerlərindən biri olub. Onun Londondakı moda evinin Paris, Nyu-York və Çikaqoda filialları fəaliyyət göstərib.
“Titanik” faciəsi zamanı modelyer və həyat yoldaşı 1 nömrəli xilasetmə qayığına minərək sağ qalıblar. Qayığın 40 nəfərlik tutumu olmasına baxmayaraq, orada cəmi 12 sərnişin olub. Sonradan cütlük digər sərnişinləri gözləmədən gəmini tərk etməkdə və heyət üzvlərinə rüşvət verməkdə ittiham edilsə də, bu iddiaları təkzib edə bilib.
Xatırladaq ki, bundan əvvəl “Titanik” sərnişinlərindən olan maqnat İsidor Ştrausa məxsus qızıl cib saatı hərracda rekord qiymətə – 2,3 milyon dollara satılmışdı.
04:26 22.11.2026
Oxunuş sayı: 50