Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub
Avstriya Xarici İşlər Nazirliyinin (XİN) saytı kiberhücuma məruz qalıb, hakerlər qurumun və ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının xidməti əlaqə məlumatlarına çıxış əldə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstriya Xəbər Agentliyi qurumun bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, kənar şirkət tərəfindən xidmət göstərilən qurumun saytına icazəsiz giriş noyabrın 12-dən 13-nə keçən gecə baş verib. İnsident "Microsoft" sistemlərinin işindəki irimiqyaslı nasazlıqla eyni vaxta təsadüf edib. Hücum noyabrın 13-də aşkar edilib və operativ şəkildə qarşısı alınıb.
Müəyyən edilib ki, cinayətkarlar XİN-in mərkəzi aparatının və Avstriyanın xaricdəki diplomatik missiyalarının əməkdaşlarının adları və iş əlaqələri olan qeydlərə baxıblar. Bununla belə, vətəndaşların fərdi məlumatları təhlükə altına düşməyib.
Qurumdan bildirilib ki, xidmət göstərən şirkətlə birlikdə təkrar icazəsiz girişin qarşısını almaq üçün tədbirlər görüblər və təhlükəsizlik sistemlərində əlavə yoxlamalar aparıblar.
XİN-dən həmçinin xatırladılıb ki, qurum əvvəllər də kiberhücumların hədəfi olub. 2020-ci ilin əvvəlində fevrala qədər davam edən irimiqyaslı hücum, 2022-ci ilin aprelində isə fişinq elektron məktublarından istifadə etməklə sındırma cəhdləri qeydə alınıb.(Report)
20:00 21.11.2026
Oxunuş sayı: 130