Ukrayna dron istehsalında çətinliklə üzləşə bilər
Optik lifin bahalaşması Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna istehsalçıları optik lifi yüzlərlə müxtəlif şirkət və vasitəçi üzərindən, pərakəndə şəkildə əldə edirlər. Bu isə təchizat prosesini mürəkkəbləşdirir və dron istehsalına mənfi təsir göstərir.
Nəşrin məlumatına əsasən, pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan optik lifin bir kilometrinin qiyməti son altı ay ərzində təxminən 4 dollardan 30 dollara yüksəlib.
Bundan əvvəl, sentyabrın 27-də Ukraynanın zərbə dronları istehsal edən “Pegasus Arms” şirkəti istehsal sexinə raket hücumundan sonra fəaliyyətini dayandırıb. Müəssisə sentyabrın 2-də də hücuma məruz qalmış, istehsal başqa əraziyə köçürülərək bərpa edilmişdi. Lakin növbəti hücum nəticəsində sexə ciddi ziyan dəydiyindən şirkət dron istehsalını tamamilə dayandırıb.
Qeyd edək ki, avqustun 6-da Ukraynada uzaqmənzilli zərbə dronlarının istehsalı ilə məşğul olan gizli yeraltı müəssisənin fəaliyyət göstərdiyi barədə məlumat yayılmışdı.
23:11 21.11.2026
Oxunuş sayı: 86