“Unity” tankerindəki sonuncu heyət üzvləri noyabrın 23-də geri dönəcək
Hindistan sahillərində həbs edilən “Unity” tankerində qalan sonuncu dənizçi qrupunun noyabrın 23-də repatriasiya ediləcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə RİA Novosti-yə gəmi heyətinin üzvlərindən biri məlumat verib.
Məlumata görə, söhbət səkkiz Rusiya və bir Misir vətəndaşından gedir. Dənizçilərin sözlərinə görə, yaxın vaxtlarda onların yerinə 15 nəfərlik yeni heyət gələcək. Təhvil-təslim prosesi başa çatdıqdan sonra hazırkı heyətin gəmini tərk etməsi nəzərdə tutulur.
Qeyd edək ki, Rusiyalı dənizçilər bir neçə aydır tankeri tərk edə bilmirdilər. Hindistan may ayında kommersiya mübahisəsi səbəbindən “Unity” tankerini Paradip limanı yaxınlığında həbs edib.
Gəmi heyəti ehtiyat hissələrinin, elektrik enerjisinin və ərzağın çatışmadığını bildirib. Dənizçilər həmçinin gəmi sahibinin müraciətlərinə cavab vermədiyini, buna baxmayaraq, tankerin təhlükəsizliyini qorumaq üçün növbə çəkməyə davam etdiklərini açıqlayıblar.
Oktyabrın sonunda rusiyalı dənizçilərin ilk qrupu, noyabrın əvvəlində isə ikinci qrupu vətənə qayıdıb. Noyabrın 23-də baş tutacağı gözlənilən repatriasiya ilə tankerdə qalan sonuncu heyət üzvlərinin də geri dönməsi mümkün olacaq.
23:25 21.11.2026
Oxunuş sayı: 69