ABŞ-nin məxfi arxivlərindən müəmmalı varlıqlarla bağlı faktlar üzə çıxıb
ABŞ administrasiyası qar adamı və digər müəmmalı canlılarla bağlı məxfi arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
Crossmedia.az xəbər verir ki, sənədlər arasında 2010-cu ildə ABŞ-nin Yuta ştatında Müdafiə Nazirliyinin sifarişi ilə aparılmış araşdırmanın materialları da yer alıb.
Araşdırma çərçivəsində 25-dən çox şəxslə müsahibə aparılıb. Onlar Navaxo xalqının mifologiyasında yer alan, heyvanların görkəmini ala bildiyi iddia edilən “Skinwalker” adlı varlıq, sirli işıq saçan kürələr, ikiayaqlı itlər və hətta uzunluğu təxminən 2,5 metr olan qurdabənzər canlı haqqında məlumat veriblər.
Şahidlərdən biri donqar, solğun dərili və tüksüz bir məxluq gördüyünü bildirib. Onun sözlərinə görə, varlıq hasarın üzərindən tullanaraq şimpanze kimi əlləri üzərində qaçıb. Digər şəxs isə iri insan boyda, tüklü və donuz burnuna bənzər sifəti olan qəribə canlı ilə qarşılaşdığını iddia edib.
Bununla belə, araşdırma zamanı bu iddiaları təsdiqləyən heç bir elmi sübut əldə edilməyib. Tapılan tüklərin itə və yenotlara aid olduğu müəyyənləşdirilib. Hesabat müəllifləri şahidlərin danışdıqları hadisələrin yerli folklorla əlaqəli olduğu qənaətinə gəliblər.
Açıqlanan digər sənədlərdə Montana və Oreqon ştatlarının meşələrində aşkarlanan nəhəng ayaq izlərindən də bəhs olunur. Lakin ekspertlərdən biri həmin izlərin saxtakarlıq cəhdi nəticəsində yaradıldığını ehtimal edib.
Qeyd edək ki, Sasquatch adı ilə də tanınan qar adamı ABŞ populyar mədəniyyətinin məşhur sirli obrazlarından biridir. YouGov-un 2021-ci ildə keçirdiyi sorğuya əsasən, amerikalıların təxminən dörddə biri bu varlığın mövcudluğuna inanır.
20:52 21.11.2026
Oxunuş sayı: 128