İranda yeni yeraltı raket kompleksi nümayiş etdirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi qurumun yeni yeraltı raket kompleksinə baş çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, raket şəhərciyi raketlərin saxlanılması, hazırlanması və buraxılması üçün nəzərdə tutulmuş yeraltı tunel kompleksidir. İran dövlət televiziyası səfərlə bağlı görüntülər yayımlayıb.
Vahidi səfər zamanı çıxış edərək bildirib: “Düşmənin başına gələnlər hələ yolun başlanğıcıdır. Siz rəqibin alçaldılmasının və acizliyinin şahidi olacaqsınız, həqiqət yalan üzərində qələbə çalacaq”.
Qeyd edək ki, noyabrın 10-da İranda SEPAH-ın yeni yeraltı raket şəhərciyinin açıldığı bildirilmişdi. Açılış mərasimində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdollahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksin hazırlıq vəziyyətini yoxlayıblar.
Həmin vaxt SEPAH nümayəndəsi Hüseyn Möhəbi Tehranın ballistik raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı.
21:34 21.11.2026
Oxunuş sayı: 107