Üç ölkə BƏƏ diplomatının BMT rəhbəri seçilməsinə qarşı çıxıb
Böyük Britaniya, Fransa və Çin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatı Lana Nüseybənin BMT-nin Baş katibi vəzifəsinə namizədliyinə qarşı çıxıblar.
Crossmedia.az xəbər verir ki, “Middle East Eye” nəşri bu barədə məlumat yayıb.
Noyabrın 20-də BMT Təhlükəsizlik Şurasında keçirilən qeyri-rəsmi səsvermədə Lana Nüseybənin namizədliyini 7 ölkə dəstəkləyib, 6 ölkə əleyhinə mövqe bildirib, 2 ölkə isə bitərəf qalıb.
Məlumata görə, BƏƏ diplomatının namizədliyi ABŞ və Rusiya tərəfindən dəstəklənsə də, Təhlükəsizlik Şurasının daimi üzvləri olan Böyük Britaniya, Fransa və Çin onun seçilməsinə qarşı çıxıblar.
Səsvermə gizli keçirildiyindən həmin ölkələrin mövqeyi rəsmi nəticələrdə adbaad açıqlanmayıb. Bununla belə, diplomatik mənbələr əleyhinə səs verən daimi üzvlərin məhz bu üç ölkə olduğunu bildiriblər.
BMT-nin Baş katibi vəzifəsinə əsas namizədlərdən biri hesab olunan Kosta-Rikalı diplomat Rebeka Qrinspan da daimi üzvlərin müqaviməti ilə üzləşib.
Qrinspan qeyri-rəsmi səsvermədə 10 müsbət, 4 mənfi səs toplayıb. Onun namizədliyinə qarşı çıxanlar arasında Təhlükəsizlik Şurasının veto hüququna malik iki daimi üzvü də var.
Beləliklə, BMT-nin növbəti Baş katibinin seçilməsi prosesi dalana dirənib.
Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin ikinci səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır. Yeni Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən təyin olunmalıdır.
17:00 21.11.2026
Oxunuş sayı: 49