Rusiya gəmisi dron hücumuna məruz qalıb
Rusiyaya məxsus “Sparta II” yük gəmisi Finlandiya körfəzində iki pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldıqdan sonra yanmağa başlayıb və Finlandiyanın ərazi sularına keçib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 21-də Kalininqrada istiqamət alan yük gəmisinin Finlandiya körfəzinin beynəlxalq sularında hərəkət etdiyi zaman baş verib.
Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, gəmi Rusiya sərhədindən təxminən üç dəniz mili məsafədə iki pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Hücumdan sonra gəmidə yanğın başlayıb. Zədələnmiş gəmi beynəlxalq sulardan Finlandiyanın ərazi sularına doğru sürüklənib.
Finlandiya Sərhəd Mühafizəsi Xidməti hadisənin digər gəmilərin hərəkəti üçün təhlükə yaratmadığını bildirib. Qurum mümkün xilasetmə əməliyyatlarına hazırlıq görüldüyünü açıqlayıb.
Rusiya rəsmilərinin məlumatına görə, gəminin ekipajının təxliyəsi həyata keçirilir və dəymiş ziyanın miqyası qiymətləndirilir.
Ukrayna tərəfinin məlumatına əsasən, “Sparta II” əvvəllər hərbi avadanlıqların daşınmasında istifadə olunub. Gəmi ABŞ-nin sanksiya siyahısına da daxil edilib.
Hadisə ilə bağlı hücumu hansı tərəfin həyata keçirdiyi barədə rəsmi təsdiq yoxdur.
16:50 21.11.2026
Oxunuş sayı: 45