Qara dənizdə yeni addım – NATO hərəkətə keçdi
NATO Qara dəniz regionunda kəşfiyyat və müşahidə imkanlarını artırmaq üçün əlavə resurslar cəlb etmək qərarına gəlib. Alyans bu addımla məlumatların toplanması və təhlili sahəsində potensialını gücləndirməyi hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi Ellison Hart “X” sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, qərar çərşənbə axşamı Şimali Atlantika Şurası çərçivəsində üzv ölkələrin səfirlərinin iştirakı ilə keçirilən iclasın yekununda qəbul edilib.
Hart bildirib ki, əlavə resursların ayrılması alyansın kəşfiyyat və analitik imkanlarını genişləndirməyə, müşahidə, kəşfiyyat məlumatlarının toplanması və kriminalistik təhlil sahələrində potensialını artırmağa xidmət edəcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov NATO ölkələrinin Qara dəniz regionuna marağının Rusiyadan qaynaqlandığını iddia etdiyi təhlükə ilə əlaqəli olduğunu bildirmişdi. Diplomatın sözlərinə görə, alyans dənizdəki fəallığını artırmaq əvəzinə, üzv ölkələrin sahilyanı ərazilərində hərbi infrastrukturu genişləndirməyə diqqət yetirir.
23:48 20.10.2026
Oxunuş sayı: 87