İrəvan Çexiya istehsalı L-39 Skyfox təyyarələrini alır
Ermənistan Çexiya istehsalı olan L-39 Skyfox təlim və yüngül döyüş təyyarələrini əldə etməyə hazırlaşır. Bu barədə ölkənin müdafiə naziri Suren Papikyan məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Militarnyi” məlumat yayıb. Papikyan oktyabrın 20-də Çexiyaya rəsmi səfəri çərçivəsində “Aero Vodochody” şirkətinin istehsalat müəssisəsini ziyarət edib, şirkət rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.
Təyyarələrin sayı, müqavilənin dəyəri və tədarükün dəqiq tarixləri hələ açıqlanmayıb. Şirkət 2026-cı ilin iyununda adı bildirilməyən sifarişçi üçün dörd L-39 Skyfox təyyarəsinin istehsalının başa çatdığını elan etmişdi. Lakin həmin təyyarələrin Ermənistana aid olub-olmadığı təsdiqlənməyib.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da sentyabrda “Aero Vodochody” şirkətinə səfər edib. Görüşdə L-39 Skyfox təyyarələrinin hərbi pilotların hazırlanmasında istifadəsi müzakirə olunub. Ermənistan indiyədək əvvəlki nəsil L-39 Albatros təyyarələrindən istifadə edib.
L-39 Skyfox səsdən aşağı sürətlə uçan reaktiv təyyarədir. O, pilotların ilkin və qabaqcıl hazırlığı, eləcə də yüngül döyüş və kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulub. Təyyarə ABŞ istehsalı olan Williams FJ44-4M mühərriki ilə təchiz edilib və silahların yerləşdirilməsi üçün beş asqı nöqtəsinə malikdir.

2026-cı ilin oktyabrında “Aero Vodochody” Belçikanın “Thales Belgium” şirkəti ilə L-39 Skyfox təyyarələrinə pilotsuz uçuş aparatlarına qarşı istifadə üçün 70 millimetrlik idarəolunan raketlərin quraşdırılması barədə razılaşma imzalayıb. “Drone Hunter” adlandırılan bu variant dronlarla mübarizə imkanlarını genişləndirmək məqsədi daşıyır.
23:08 20.10.2026
Oxunuş sayı: 89