BMT: Yəmən yenidən genişmiqyaslı müharibəyə qayıdır
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberq ölkədə döyüşlərin bir neçə cəbhəyə yayılması nəticəsində vəziyyətin yenidən genişmiqyaslı müharibə mərhələsinə qayıtdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Grundberq bu barədə BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdə vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib.
O, son həftələrdə Səudiyyə Ərəbistanına qarşı hücumların da baş verdiyini, Yəmənin müxtəlif bölgələrində hava zərbələri və silahlı toqquşmaların davam etdiyini bildirib.
Grundberq qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun Yəməni dünyanın ən yoxsul ölkəsi kimi qiymətləndirdiyi bir vaxtda artan zorakılığın əsas yükünü yenidən mülki əhali, xüsusilə qadınlar və uşaqlar daşıyır.
BMT nümayəndəsi münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməyə, mülki şəxslərin və mülki obyektlərin qorunması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Grundberq Yəməndəki tərəflərlə, eləcə də regional və beynəlxalq iştirakçılarla intensiv təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabitlik Yəməndəki proseslərə təsir göstərdiyi kimi, ölkədə baş verənlər də bütövlükdə regionda vəziyyətə təsirsiz ötüşmür.
O, regional təhlükəsizliyin, dəniz nəqliyyatında sərbəstliyin və beynəlxalq ticarətin qorunmasının vacib məsələlər olduğunu vurğulayıb. Bununla yanaşı, Yəmənə beynəlxalq dəstəyin ölkənin reallıqlarına, əhalinin ehtiyaclarına və gözləntilərinə əsaslanmalı olduğunu qeyd edib.
Grundberq son hadisələrin etibarlı siyasi proses olmadan Yəməndəki münaqişəni nəzarət altına almağın mümkün olmayacağını göstərdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasını ölkəyə davamlı və birgə dəstəyi qorumağa çağırıb.
05:35 10.10.2026
Oxunuş sayı: 94