Azay Quliyev ABŞ və Ermənistana çağırış etdi
Məlum olduğu kimi, 6-9 oktyabrda ATƏT PA-nın 24- cü Payız Sessiyası Andorrada işə başlaylb.
“Parlamentlər etimad qurucuları kimi: çoxtərəfliliyin müdafiəsi və ATƏT məkanında ümumi öhdəliklərin yerinə yetirilməsi” mövzusunda keçirilən ilk sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev əvvəlcə erməni həmkarının çıxışına münasibət bildirib.
Azay Quliyev erməni deputat tərəfindən Bakıda cəza çəkən ermənilərlə bağlı səsləndirilən ittihamları əsassız adlandıraraq onları qəti şəkildə rədd edib.
“Onun əsassız ittihamlarını, hətta ölkəmi şantaj etmək cəhdi kimi qiymətləndirə biləcəyim fikirləri qəti şəkildə rədd edirəm”, – deyə Azay Quliyev bildirib.
O qeyd edib ki, məsələ ilə bağlı mövqeyini həmin gün siyasi qrupun iclasında açıq şəkildə ifadə edib. Buna baxmayaraq, erməni deputatın eyni fikirləri Assambleyanın plenar zalında təkrar səsləndirməsinin təəssüf doğurduğunu vurğulayıb.
Çıxışının əsas hissəsində Azay Quliyev sessiyanın mövzusunun aktuallığını xüsusi qeyd edib.
O bildirib ki, çoxtərəfli sistem ciddi təzyiqlərlə üzləşir, beynəlxalq hüquq və beynəlxalq öhdəliklərə getdikcə daha çox məhəl qoyulmur, beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə yaradılmış institutlar isə bəzən üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilmirlər.
Azay Quliyev bunun nəticəsində daha fundamental bir dəyərin – etimadın itirildiyini diqqətə çatdırıb.
“Biz beynəlxalq institutlara etimadı, beynəlxalq hüquqa etimadı və dialoq və diplomatiya vasitəsilə dünya nizamını və təhlükəsizlik arxitekturasını qorumaq imkanımıza olan etimadı itiririk”, – deyə o bildirib.
ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri qeyd edib ki, mövcud vəziyyətin dəyişdirilməsi üçün islahatlara ehtiyac var.
“Artıq məsələ islahatların zəruri olub-olmaması deyil. Əsas məsələ bizim bu islahatları həyata keçirmək üçün siyasi cəsarətə malik olub-olmamağımızdır”, – deyə Azay Quliyev vurğulayıb.
Onun sözlərinə görə, islahatlar siyasi cəsarət, strateji baxış və konkret fəaliyyət tələb edir.
Azay Quliyev fikirlərini konkret nümunə ilə əsaslandırıb. O bildirib ki, ötən il Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə müraciətindən sonra münaqişə kontekstində üç onillik əvvəl yaradılmış ATƏT-in Minsk Prosesi bütün 57 iştirakçı dövlətin konsensusu ilə bağlanıb.
“Bu, şərait dəyişdikdə beynəlxalq mexanizmlərin də dəyişə biləcəyini və kollektiv diplomatiya ilə güclü siyasi iradənin sülh və sabitlik üçün konkret nəticələr verə biləcəyini nümayiş etdirdi”, – deyə deputatımız bildirib.
Çıxışının sonunda Azay Quliyev ABŞ-ın “Azadlığın müdafiə aktının 907-düzəlişinə” toxunub.
O qeyd edib ki, 1992-ci ildə keçmiş münaqişə kontekstində Azərbaycana qarşı qəbul edilmiş bu müddəanın yaranmasına səbəb olan şərait artıq fundamental şəkildə dəyişib və münaqişə tamamilə həll olunub.
Azay Quliyev amerikalı həmkarlarını 907-ci düzəlişim birdəfəlik ləğv edilməsi məsələsini nəzərdən keçirməyə çağırıb.
“Bu müddəa regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş ABŞ-ın fəaliyyətini məhdudlaşdırır”, – deyə o bildirib.
Azərbaycanlı deputat Ermənistan nümayəndə heyətinin də bu çağırışa qoşulmasının konstruktiv addım olacağını vurğulayıb.
“Ermənistanın belə bir qərarı özlüyündə regionumuzda praktiki etimad və inam quruculuğuna əlavə töhvə verə bilər”, – deyə Azay Quliyev qeyd edib.
13:01 08.10.2026
Oxunuş sayı: 45