Rusiya NATO-ya Kalininqradla bağlı xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayəti ətrafında NATO-nun fəaliyyətinin birbaşa silahlı toqquşma riskini artırdığını bildirərək alyansa və Belçika Xarici İşlər Nazirliyinə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiyanın Belçikadakı səfirliyinin açıqlamasında qeyd olunub ki, Moskva Kalininqrad vilayətini təcrid etməyə cəhd göstəriləcəyi təqdirdə ərazini qorumaq üçün sərəncamındakı silah arsenalından istifadə etməyə hazırdır.
“Rusiya mümkün təcavüzün qarşısını almaq üçün zəruri vasitələrə malikdir və NATO ölkələrinin Kalininqrad vilayətini təcrid etmək cəhdləri halında ərazini qorumaq üçün mövcud silah arsenalından istifadə etməyə hazırdır”, - deyə səfirlik bildirib.
Səfirlik Rusiyanın mövqeyinin NATO-nun Beynəlxalq Katibliyinə və Belçika Xarici İşlər Nazirliyinə çatdırıldığını açıqlayıb. Buna səbəb kimi NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi fəallığının artması göstərilib.
Rusiya tərəfi ölkənin qərb sərhədləri yaxınlığında NATO-nun hərbi fəallığının “misli görünməmiş” səviyyədə artdığını iddia edib. Səfirliyin məlumatına görə, Rusiyadan gələn təhlükənin qarşısının alınmasına yönəlmiş təşəbbüslər, o cümlədən genişmiqyaslı hərbi təlimlər də artır.
Daha əvvəl Rusiyanın Vyanadakı hərbi təhlükəsizlik və silahlara nəzarət danışıqlarında nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova NATO ölkələrinin Baltik regionunda Kalininqrad vilayətinin mümkün blokadası ssenarilərini məşq etdiyini bildirib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında “aqressiv təlimlər” keçirməyə çağırıb. O, Varşavanın bu regionu diqqətlə izlədiyini bildirib.
23:36 28.09.2026
Oxunuş sayı: 50