Qızılca ölümə necə aparır - bunlara diqqət edin
Qızılca yalnız uşaqlıq dövrünə xas yüngül səpgi xəstəliyi deyil, ağırlaşmalara və ölümə səbəb ola bilən yüksək yoluxucu virus infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə dünyada təxminən 95 min insan qızılcadan həyatını itirib. Ölüm hallarının əsas səbəbləri xəstəliyin yaratdığı ağırlaşmalardır. Qızılcanın pnevmoniya və ensefalit kimi ciddi ağırlaşmaları həyati təhlükə yarada bilər. Xüsusilə 5 yaşdan kiçik uşaqlar, hamilələr və immun sistemi zəif şəxslər ağırlaşmalar baxımından daha yüksək risk qrupundadır. CDC-nin məlumatına görə, qızılcaya yoluxan hər 1 000 uşaqdan təxminən 1-3-ü tənəffüs və nevroloji ağırlaşmalar səbəbilə həyatını itirə bilər.
Crossmedia.az-a açıqlamasında terapevt Zakir Quliyev qızılcanın xüsusilə müəyyən risk qruplarında ağır keçə biləcəyini bildirib:
“Qızılca xüsusilə 5 yaşadək uşaqlarda, böyüklərdə, hamilələrdə, peyvənd olunmayanlarda, qidalanması zəif və A vitamini çatışmazlığı olanlarda, həmçinin immun sistemi zəif şəxslərdə ağır keçərək pnevmoniya, ağır susuzlaşma, ensefalit, qıcolma, korluq, hamiləlik fəsadları və nadir hallarda ölüm yarada bilər”, - deyə terapevt qeyd edib.
Zakir Quliyev qızılca zamanı hansı hallarda təcili tibbi yardıma müraciət edilməli olduğunu da açıqlayıb: “Nəfəs darlığı, göyərmə, huşun qarışması, həddindən artıq yuxululuq, qıcolma, davamlı yüksək hərarət, maye qəbul edə bilməmə və sidiyin azalması təcili tibbi yardım tələb edir”.
Həkim qızılca şübhəsi olduqda xəstənin digər insanlardan təcrid edilməsinin vacibliyini vurğulayıb: “Şübhə yarandıqda yoluxdurmamaq üçün tibb müəssisəsinə getməzdən əvvəl telefonla xəbər verilməli, xəstə başqalarından, xüsusən körpələrdən, hamilələrdən və immuniteti zəif insanlardan təcrid edilməli, kifayət qədər maye və qidalanma təmin olunmalı və vəziyyəti həkim tərəfindən izlənməlidir”.
O, müalicə zamanı A vitamini və antibiotiklərin istifadəsi ilə bağlı da xəbərdarlıq edib: “Uşaqlarda A vitamini yalnız həkimin müəyyən etdiyi dozada verilməli, antibiotik isə virusun özünə deyil, yalnız bakterial fəsad olduqda istifadə edilməlidir. Ciddi fəsadların qarşısının alınmasının ən təsirli yolu yaşa və milli təqvimə uyğun iki doza qızılca tərkibli peyvənddir”.
Nigar Xəlilli
17:00 19.09.2026
Oxunuş sayı: 38