Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 955 milyon 359,58 min ABŞ dolları dəyərində 48 min 398 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30,8 % və 35 % azdır.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,1 % azalaraq 468 ədəd (71,321 milyon ABŞ dolları dəyərində), əsasən adam daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 37,4 % azalaraq 42 755 ədəd (788,465 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 4 429-u (94,866 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 10 274-ü (225,336 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 637-si (16,550 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 63,6 %, ikincinin 60 %, üçüncünün isə 54,9 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 11,6 % azalaraq 4 745 ədəd (44,699 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 27 % artaraq 430 ədəd (50,874 milyon ABŞ dolları dəyərində) olub.
15:34 15.09.2026
Oxunuş sayı: 45