Qan analizinin gizli göstəricisi araşdırılır
Yeni araşdırmaya görə, 45 yaşdan aşağı insanlarda bəzi qaraciyər fermentlərinin aşağı səviyyəsi gənc yaşda kolorektal xərçəng diaqnozu ilə əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, “Epic Research” bu barədə məlumat yayıb.
Araşdırmada aspartat transaminaza (AST) və alanin transaminaza (ALT) göstəriciləri aşağı olan 45 yaşdan kiçik şəxslərin yaşıdları ilə müqayisədə erkən başlayan kolorektal xərçəng diaqnozu alma ehtimalının daha yüksək olduğu müəyyən edilib.
Araşdırmada iştirak edən həkim və tədqiqatçı Kersten Bartelt nəticənin gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, həkimlər adətən qaraciyər fermentlərinin yüksək səviyyəsinə diqqət yetirirlər.
Mütəxəssislər isə aşağı AST və ya ALT göstəricisi olan gənclərin təşvişə düşməməli olduğunu vurğulayırlar. Bu nəticələr kolon xərçənginin skrininqi ilə bağlı mövcud tövsiyələrin dəyişdirilməsi üçün əsas vermir.
Tədqiqat yalnız aşağı ferment səviyyələri ilə erkən başlayan kolorektal xərçəng arasında əlaqə göstərir. Bu göstəricilərin xərçəngə səbəb olduğu müəyyən edilməyib və yalnız aşağı AST və ALT səviyyəsinə görə erkən kolonoskopiyadan keçmək tövsiyə olunmur.
Araşdırma hələ elmi ekspertizadan keçmiş jurnalda dərc edilməyib. Müəlliflər nəticələrin gənc yaşda kolorektal xərçəng hallarının artmasının mümkün səbəblərini araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu göstərdiyini bildirirlər.
04:20 11.09.2026
Oxunuş sayı: 70