Azərbaycan beynəlxalq təhsil platformasına çevrilir - 120 ölkənin seçimi Azərbaycan oldu
Azərbaycanda xarici tələbələrin sayının artması ölkənin təhsil imkanlarına beynəlxalq marağın yüksəldiyini göstərir. Müxtəlif ölkələrdən gənclərin Azərbaycanda təhsil almağa üstünlük verməsi ölkənin regional təhsil mərkəzinə çevrilməsi baxımından mühüm göstəricidir. Bu proses universitetlərin beynəlxalq mühitinin genişlənməsinə də təsir edir. Xarici tələbələrin iştirakı ali təhsil müəssisələrində rəqabəti və beynəlxalq əməkdaşlığı gücləndirə bilər. Eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi gənclər ölkənin mədəniyyəti və cəmiyyəti ilə yaxından tanış olurlar. Bu əlaqələr gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və ölkələrarası münasibətlərin inkişafı üçün əlavə imkanlar yarada bilər. Bəs xarici tələbə axınının artması Azərbaycanın qlobal nüfuzuna və ali təhsil sisteminə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlamasında bildirib ki, xarici tələbələrin sayının artması Azərbaycanın həm təhsil sisteminə, həm də beynəlxalq nüfuzuna ciddi təsir göstərir:

“Azərbaycanda xarici tələbələrin sayının artması ölkənin həm təhsil sisteminin keyfiyyət transformasiyasına, həm də qlobal miqyasda geosiyasi-mədəni nüfuzunun yüksəlməsinə fundamental və multiplikativ təsir göstərir. 2025–2026-cı tədris ilində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbənin ölkəni seçməsi regional təhsil mərkəzinə çevrilmə strategiyasının uğurlu indikatorudur. Bu fenomen dövlətin qlobal nüfuzuna üç əsas müstəvidə fəlsəfi-strateji töhfə verir. Birincisi, beynəlxalq münasibətlər nəzəriyyəsi və yumşaq güc kontekstində yanaşdıqda, fərqli coğrafiyalardan gələn bu gənclər Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin praktiki sübutuna çevrilməklə yanaşı, gələcəkdə öz ölkələrinin elitasını təşkil edərək respublikamızın beynəlxalq arenada qeyri-rəsmi və xoşməramlı səfirləri rolunu oynayırlar. İkincisi, təhsil sisteminin institusional inkişafı baxımından, xarici tələbə axını yerli universitetlərdə daxili rəqabəti artırır, ingilisdilli kurikulumların və beynəlxalq akkreditasiyaların sayını çoxaldır. Ən əsası isə QS World University Rankings və Times Higher Education kimi qlobal reytinqlərdə universitetlərimizin beynəlmiləşmə indeksini yüksəldərək daxili təhsil mühitini lokallıqdan qloballığa transfer edir. Üçüncüsü, makroiqtisadi və elmi müstəvidə bu proses ölkəyə birbaşa xarici investisiya axınını təmin edərək bilik iqtisadiyyatını stimullaşdırır. Yaranan maliyyə resursları elmi-tədqiqat işlərinin maliyyələşməsinə yönəldilir. Ən əsası isə beyin axını təhlükəsi qlobal beyin qazancı formatına çevrilir".
Ekspert qeyd edib ki, əcnəbi tələbə coğrafiyasının bu dərəcədə genişlənməsi sadəcə kəmiyyət göstəricisi deyil: "Bu, Azərbaycanın beynəlxalq statusunu təbii resurs ixrac edən dövlət statusundan qlobal miqyasda insan kapitalı və intellektual məhsul istehsal edən mərkəz səviyyəsinə doğru uğurla dəyişən vacib bir faktordur”.
Zeynəb Həsən
15:30 10.09.2026
Oxunuş sayı: 44