Yeni virus yayılıb - bu simptomlar varsa, həkimə müraciət edin
Konqo Demokratik Respublikasında hemorragik qızdırma viruslarının yayılması narahatlıq yaradıb. Bölgədə bu tip infeksiyaların müxtəlif növlərinə rast gəlinir. Hazırda isə Bundibugyo virusunun daha çox yayıldığı bildirilir. Virus yoluxan şəxslərdə ciddi maye itkisinə səbəb ola bilər. Bu isə dehidratasiya və elektrolit balansının pozulması ilə nəticələnir. Ebola kimi hemorragik qızdırmalar əvvəlki dövrlərdə də müxtəlif epidemiyalara səbəb olub. Lakin mütəxəssislər bu virusların genişmiqyaslı pandemiyaya çevrilmə potensialının məhdud olduğunu bildirirlər.
Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, Konqo Demokratik Respublikasında əsasən üç növ hemorragik qızdırma virusuna rast gəlinir:
“Adətən bu ərazidə tüğyan edən və rast gəlinən üç cür hemorragik qızdırma var. Bunlardan biri Ebola, biri Sudan virusu (bildiyiniz kimi, Sudan orada ölkə adıdır), biri də Bundibugyo virusudur. Hazırda Bundibugyo virusuna daha çox rast gəlinir. Düzdür, Ebola infeksiyası zamanı epidemiya ocaqlarında ölüm göstəricisi adətən 25%-dən 90%-ə qədər dəyişir və müəyyən qədər insan tələfatı ilə müşayiət olunur. Lakin daha sonra infeksiya lokallaşdırıla bilir. Hazırda yayılan Bundibugyo virusuna gəldikdə isə, o ərazidə yoluxanların sayı təxminən 6 000-i keçib, ölənlərin sayı isə 5 000-ə yaxınlaşıb. Virus orqanizmdə daha çox dehidratasiya, maye çatışmazlığı və elektrolit balansının pozulması ilə müşayiət olunur. Buna görə də hazırda Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı mübarizəsi davam edir".

Ekspert qeyd edib ki, ümumiyyətlə, Ebola və bu tipli virusların mütəmadi olaraq epidemiyası baş verir, lakin onların pandemiya yaratmaq potensialı yoxdur: "Çünki bu, hava-damcı yolu ilə keçən infeksiya deyil və yoluxuculuq indeksi profilaktik tədbirləri üstələyə bilmir. Əlbəttə, müəyyən dərəcədə tələfat olacaq, hətta müəyyən yerlərdə tək-tək (sporadik) yoluxmalara da rast gəlinə bilər, lakin bu proses lokallaşdırılacaq”.
Zeynəb Həsən
16:00 10.09.2026
Oxunuş sayı: 40